İKİNCİ ƏL GEYİMLƏRİN YARATDIĞI FƏSADLAR
Mağazalarda yeni geyimlər ilə yanaşı ikinci əl geyimlərə də rast gəlirik. Sözügedən geyimlər maddi cəhətdən imkanı zəif olan ailələr üçün bu, "əla" fürsət kimi görünür. İkinci əl geyimlər yeni geyimlərdən qiymət cəhətdən daha sərfəli olur.
Maddi imkanı aşağı olan Mətanət İbrahimova deyir ki, illərdir ikinci əl geyimlərdən istifadə edir: "Belə paltarlar qiymət cəhətdən daha sərfəlidir. İki övladım var, yeni bir cüt ayaqqabının qiymətinə ikinci əl aldıqda iki cütünü alabilirəm".
Maddi cəhətdən sərfəli olsa da, ekspertlər bu geyimləri sağlamlıq cəhətdən uyğun hesab etmirlər. Onlar ciddi şəkildə yoxlanmadıqda böyük problemlərə, xəstəliklərə gətirib çıxarır. Bu xəstəliklər haqqında məlumatı həkim dermatoloq Bəxtiyar Paşayev verdi. Həkim deyir ki, bu geyimlər qiymət cəhətdən münasib olsa da, xəstəliklərlə bağlı ciddi risklər daşıyır: "Bu geyimi istifadə edən insan bitli olubsa, daha sonra istifadə edən insanın da bu problemlə üzləşmək ehtimalı böyükdür. İkinci əl geyimlər allergiya, göbələk infeksiyaları yarada bilər. Çünki göbələk paltarda yaşayır və ötürülür. Digər hal isə dəri infeksiyalarıdır. İstifadə edilmiş geyim düzgün yuyulmadıqda dəridəki infeksiyalara səbəb olur".
Həkim risklərlə bərabər həlli yolunu da göstərir: "Riskləri azaltmaq üçün geyinməzdən əvvəl ikinci əl paltarları yuyub, yaxşı dezinfeksiya etmək tövsiyə olunur".
ÇİNARƏ MURADOVA
