İLAN TƏHLÜKƏSİ
Son vaxtlar ilanların sayı artıb. Bölgələrdə, istirahət zonalarında, dəniz kənarlarında, evlərdə çəkilən ilan kadrları sosial şəbəkələrin gündəmindən düşmür.
Bioloq Mehparə Məmmədova bunun səbəbini dərmanlama prosesinin olmamasında görür. Deyir ki, Sovet dövründə pambıq sahələri təyyarələr vasitəsilə dərmanlandığı zaman ilanlar da məhv olurdu. “Hazırki dövrdə belə proses baş vermir, ona görə də yay aylarında ilan, həşərat sancma halları çoxalır. Dərmanlanma vasitəsilə, xüsusilə insanların isti vaxtlarda işlədiyi tarlalar, sahələr mütəmadi dərmanlanmalıdır".
Bəs ilan sancması baş verdiyi halda hansı ilkin yardım olunmalıdır? Müalicə həkimi Aydın Əliyev ilkin yardım etmədən xəstəni xəstəxanaya çadırmağın təhlükəli olduğunu bildirir. "Bu hallarda ilan sancan hissəni yüngülcə sıxıb zəhəri xaric etmək lazımdır. Əgər zərərçəkənin allergiyası və güclü ağrısı varsa, ağrıkəsicilərdən istifadə etmək məsləhətdir, ağrını azaltmaq üçün həmin hissəyə buz da qoymaq olar. Şişkinlik varsa, bu, artıq həkimlikdir".
ÇİNARƏ MURADOVA
