İlham Əliyev Braziliyanın ölkəmizə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinqli qəbul edib.
"İnformator.az" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafından məmnunluğunu bildirərək, siyasi, iqtisadi-ticari, sərmayələr, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin və müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb, onun fəaliyyətinin Azərbaycan-Braziliya əlaqələrinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib.
Ölkəmizə səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyən Bernard Jorj Leopold de Qarsia Klinql diplomatik əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edib.