İlham Əliyev: Bu gün sülh artıq reallıqdır
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışına dair videoçarx paylaşılıb.
Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az” a açıqlamasında bildirib ki,bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunu göstərir:
“İlham Əliyevin bu çıxışı qısa müddətdə dünya mediasının diqqətini cəlb etdi. Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirilən fikirləri beynəlxalq ictimaiyyət maraqla qarşıladı. Ümumilikdə, bu toplantının Bakıda keçirilməsi ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan son illərdə nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə özünü etibarlı tərəfdaş və mühüm beynəlxalq platforma kimi təsdiqləyib. Bakı artıq belə tədbirlərin keçirilməsi üçün əsas məkanlardan biri kimi qəbul olunur. İslam İnkişaf Bankı Qrupunun toplantısının Azərbaycanda təşkil edilməsi ölkəmizin həm İslam dünyasında, həm də beynəlxalq maliyyə institutları arasında mövqeyinin daha da güclənməsinə töhfə verəcək. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafına, investisiya axınının artmasına və yeni layihələrin reallaşmasına müsbət təsir göstərir. Prezident İlham Əliyevin çıxışında əsas mesajlar regionda iqtisadi və siyasi münasibətlərə yönəlmişdi. Dövlət başçısı Azərbaycanın bütün ölkələrlə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa böyük önəm verdiyini vurğuladı. Eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlərdə səmimiyyət və qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldığını bir daha diqqətə çatdırdı. Çıxışda Azərbaycanın əməkdaşlığa açıq olduğu, dostluq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyən bütün ölkələrlə əlaqələri genişləndirməyə hazır olduğu bildirildi. Bununla yanaşı, ölkənin milli maraqlarına zidd mövqelərə qarşı prinsipial yanaşmasının davam etdiyi mesajı da verildi. Hesab edirəm ki, Prezident İlham Əliyevin çıxışının əsas məğzi Azərbaycanın beynəlxalq əməkdaşlığa, iqtisadi tərəfdaşlığa və milli maraqların qorunmasına verdiyi önəmi bir daha nümayiş etdirməkdən ibarət idi”.

Arzu Poladova