00:00:00
Yazar
Banuçiçək Məmmədova
25.05.2026 17:26 18 30 dəq oxuma
Sosial

İlham Əliyev müşavirə keçirib

İlham Əliyev müşavirə keçirib

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

 

"İnformator.az" xəbər verir ki, dövlətimizin başçısı müşavirədə nitq söyləyib.

 

Prezident İlham Əliyevin nitqi

- Bugünkü müşavirədə biz kənd təsərrüfatının inkişafını müzakirə edəcəyik. Bildiyiniz kimi, bu sahəyə daim çox böyük diqqət göstərilir. Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi.

2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.

Əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.

Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur.

Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.

Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.

Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.

İkinci vacib amil, - bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də bu öz əksini tapmışdır, - genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının və proqramlarının, - dediyim kimi, bir neçə proqram qəbul edilmişdir, - məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Onu da bildirməliyəm ki, biz Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən-ilə azalır. Bizim 4 mindən çox məktəbimiz var, bəlkə də bir az az, bir az çox. Onların təqribən deyə bilərəm ki, 80-85, bəlkə də 90 faizi təmir edilib, nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Yenə də deyirəm, qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Eyni zamanda, biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır.

Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır.

Digər dənlilər üzrə vəziyyət prinsip etibarilə müsbətdir, özümüzü 95 faiz təmin edirik və idxal da çox cüzidir. Dənli paxlalar. Daxili istehsal 23 min ton, idxal 15 min ton. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. Kartof. Özümüzü 91 faiz təmin edirik, 160 min ton idxal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada, yəni kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz idxalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda, daha böyük həcmdə ixrac etməliyik.

Tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə. Burada vəziyyət müsbətdir. Özümüzü tərəvəz üzrə 107 faiz təmin edirik və 214 min ton ixrac edirik. Daxili istehsal isə 1 milyon 770 min tondur. Bostan məhsulları istehsalı 460 min ton, idxal demək olar ki, yoxdur. İxrac 18 min ton, 104 faiz. Meyvə, giləmeyvə. 140 faiz təminat, istehsal 1 milyon 400 min ton. Təbii ki, idxal da var. Çünki müxtəlif meyvələr var ki, onlar idxal olunur, bizdə yetişmir. Amma ixrac da kifayət qədər böyükdür, təqribən 600 min tona yaxın. Mən qeyd etdim ki, biz fındıqçılıq üzrə Dövlət Proqramı qəbul etdik. Ondan sonra fındıq bağları geniş vüsət almışdır. Bu gün biz qoz-fındıq istiqaməti üzrə 84 min ton məhsul yetişdiririk, 30 min ton da ixrac edirik. Yəni bu istiqamət üzrə biz dünyada 3-4-cü yerdə qərarlaşmışıq. Üzüm istehsalı. Özümüzü təminetmə əmsalı 92 faiz, istehsal 211 min ton, idxal 28 min ton, ixrac da var. İxrac da 10 min ton.

Mal əti. Özümüzü 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır. Quş əti. 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta. 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları. 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min ton. Bitki yağları. Özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min ton. Kərə yağı. 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min ton. Çay. 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxın. Duz. Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min ton. Un. 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min ton. Makaron məmulatları. Daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faiz. Şəkər. Özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi, investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bizdə bu gün idxal olunan məhsulların istehsalına onlar töhfə versinlər.

Bəzi vəzifələrlə əlaqədar aşağıdakıları deyə bilərəm, ərzaq təhlükəsizliyi ilə əlaqədar artıq bildirildi. Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik. May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da yəqin ki, xatırlamır. Artıq bu, əfsuslar olsun ki, bəzən fəsadlar törədir. Amma digər tərəfdən, bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bu gün anbarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın.

Torpaqlardan səmərəli istifadə məsələsi. Burada məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Burada, əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Təbii ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir, o cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat. Ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb. Ancaq hər bir əkin üçün yararlı torpaq sahəsinin, necə deyərlər, öz pasportu olmalıdır. Orada hansı məhsul yetişdirilərsə fermer daha çox qazanc götürəcək, bu, birincisi. İkincisi, bizim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac təbii ki, bazarlara bağlıdır. Bazarlar var ənənəvi, var yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlil də aparılmalıdır. Prinsipcə müvafiq göstərişlər verildi ki, tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə edilsin ki, biz tutaq ki, meyvə, tərəvəz, bostan məhsullarını böyük həcmdə ixrac edirik. Nə vaxta qədər buna tələbat olacaq bizim üçün ənənəvi sayılan bazarlarda? Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Yəni bu, çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır.

Kənd təsərrüfatı texnikası ilə təminat. Bu istiqamətdə də çox böyük işlər görülmüşdür. Son 20 il ərzində biz faktiki olaraq öz texnika parkımızı tamamilə yenidən formalaşdırdıq. Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur və burada da dövlət fermerlər üçün kifayət qədər qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən indi biz özümüz də kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq.

Gübrə istehsalının artırılması. Biz indi Karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu, cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir, Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə idxal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur, müəyyən qıtlıq yaradılır. Ona görə, əlbəttə, praqmatizm nöqteyi-nəzərindən biz başa düşməliyik ki, biz bütün növ gübrələri istehsal edə bilməyəcəyik, ancaq hər halda onların çeşidlərini genişləndirməliyik.

Kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələr, treninqlər, bu, artıq uzun illərdir davam edir. Maarifləndirmə prosesi və sığorta məsələləri. Yəni bütün bunları biz daha da təkmil şəkildə həyata keçirməliyik.

Biz kənd təsərrüfatının inkişafı ilə əlaqədar birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdı. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil. Deyə bilərəm ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı. Burada da onların mütləq əksəriyyəti güzəştli, azfaizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır.

Su təchizatı. Bunsuz kənd təsərrüfatının inkişafı mümkün deyil. Burada da qeyd etdiyim kimi, bir çox önəmli layihələr icra edildi. Su anbarları - Taxtakörpü, Şəmkirçay ən böyük su anbarlarıdır, Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Sovet vaxtında yox idi, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağda və Şərqi Zəngəzurda bizim 25 faiz su ehtiyatlarımız formalaşır. Onlardan səmərəli istifadə etmək, həm o bölgəni, həm digər bölgələri su ilə təmin etmək mümkün olacaq. Çünki vaxtilə Sərsəng və Suqovuşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudlarından kənarda olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt, işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir. Digər kanalın tikintisi davam edir və beləliklə, 8 rayona, təqribən 100 min hektar torpağa su veriləcək.

Şirvan kanalı. Bunun tikintisinə biz beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadəyə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bu gün məruzə ediləcək.

Biz Qarabağ kanalının bərpasına, yenidən qurulmasına başlamışıq. Vaxtilə bunlar Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalları adlandırılırdı. Amma Aşağı Şirvan, Aşağı Qarabağ kanalları olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da Dövlət Proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hazırda, - bu da dövlətin dəstəyi ilə mümkün olub, - 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın, nə qədər məhsuldarlıq arta bilər.

Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk. Misal üçün taxılçılıqda, bizdə bu gün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu, təqribən 2 ton, bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır.

Pambıqçılıq. Qeyd etdiyim kimi, bizdə hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm.

İntensiv bağçılıq. Biz bunun da müsbət nəticəsini görürük, o cümlədən azad edilmiş torpaqlarda. Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun.

İstixana kompleksləri. Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da ilk növbədə, özəl sektorun fəaliyyətinə arxalanırıq.

Ət, süd, quş əti ilə 100 faiz özümüzü təmin etməliyik. Mən rəqəmləri qeyd etdim, təqribən 80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır.

Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək dedi:

- Cənab Prezident, ilk növbədə aqrar sahənin inkişafı üçün mütəmadi olaraq verdiyiniz dəstəyə və qayğıya görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qeyd edim ki, ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatların əsası Ulu Öndər Heydər Əliyevin dönəmindən başlanmış və Sizin rəhbərliyiniz dönəmində yeni bir mərhələyə qədəm qoymuşdur. Çıxışınızda qeyd etdiyiniz kimi, bir çox məsələlər - məhsuldarlığın artırılması, özünütəminat səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması, fermerlərin rifah səviyyəsinin yüksəldilməsi istiqamətlərində işlər görülmüşdür.

İcazənizlə, bu gün “Aqrar sahənin inkişafı: mövcud vəziyyət və 2030 perspektivləri” mövzusunda təqdimat etmək istəyirəm. Təqdimat üç hissədən ibarətdir. Giriş hissəsində kənd təsərrüfatının strateji əhəmiyyəti haqqında məlumat təqdim edəcəyəm. Daha sonra mövcud vəziyyət, çağırışlar, aqrar sahədə - bitkiçilikdə, heyvandarlıqda olan trendlər, aqrar ticarət dinamikası haqqında məlumat veriləcək, sonra isə bu çağırışlar əsasında Sizin tapşırığınızla hazırlanmış Dövlət Proqramının əsas müddəaları təqdim olunacaq.

İlk növbədə kənd təsərrüfatının ölkə üçün strateji əhəmiyyətini qeyd etmək istəyirəm. Qeyd edim ki, 2025-ci ildə kənd təsərrüfatı istehsalı ümumdaxili məhsulun 5,9 faizini təşkil etmişdir. Qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik olmuşdur. Kənd təsərrüfatı sadəcə iqtisadi fəaliyyət deyil, eyni zamanda, ərzaq təhlükəsizliyi, məşğulluq, regionların inkişafı və ixrac potensialının artırılması istiqamətlərində öz töhfəsini verən çoxfunksional bir sahədir. Qeyd edim ki, əsasən də regionlarda məşğulluğun, demək olar, 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur. Siz çıxışınızda da qeyd etdiyiniz kimi, kənd təsərrüfatı, eyni zamanda, iqlimə çox məruz qalan və təbii resurslardan asılı olan bir sahədir. Azərbaycanda torpaq fondunun 55 faizi, istehlak olunan suyun isə 70 faizindən çoxu kənd təsərrüfatında istifadə edilir. Bu da bizə əsas verir ki, kənd təsərrüfatının sadəcə məhsul istehsalını düşünməli deyilik. Eyni zamanda, resurslardan səmərəli istifadəni və iqlimə uyğunlaşmanı da proqram çərçivəsində nəzərə almalıyıq.

Cənab Prezident, bu səhifədə Azərbaycanda aqrar sahənin sektoral bölgüsü təqdim edilmişdir. Qeyd edim ki, 2025-ci ildə aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat olmuşdur. Bu istehsal iki sahə - heyvandarlıq və bitkiçilik arasında demək olar ki, əlli-əlliyə paylanmışdır. Bu da bizə əsas verir ki, hər iki istiqamətin ölkənin aqrar sahəsinin inkişafında önəmli rolu olduğunu nəzərə alaq və prioritetlərimizi ona görə müəyyənləşdirək. Ümumilikdə aqrar sahədə meyvə-tərəvəz, əkinçilikdə dənli paxlalılar və kartof, heyvandarlıqda süd, mal əti, quş əti, qoyun əti və yumurta önəmli istehsal payına malikdir. Meyvə-tərəvəz istehsalı ölkə üçün həm məşğulluğun artırılmasında, həm aqrar istehsalda əlavə dəyərin yaradılmasında, həm də ixrac potensialının yüksəldilməsində faydalı olur. Dənli paxlalı bitkilərin istehsalı isə ümumilikdə digər bitkiçilik məhsulları ilə müqayisədə iqtisadi səmərəliliyi aşağı olsa belə, ərzaq təhlükəsizliyi nöqteyi-nəzərdən Sizin vurğuladığınız kimi çox əhəmiyyətlidir və ona görə də bu bizim üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Süd və ət istehsalının aqrar sahədə payı olduqca yüksəkdir. Bu da bizə əsas verir ki, yeni Dövlət Proqramında heyvandarlığın inkişaf etdirilməsi istiqamətində prioritet sahələrə önəm verək.

Bu qrafikdə də bir neçə məqama diqqətinizi cəlb etmək istəyirəm. Meyvə və tərəvəz toplam istehsalın 27 faizini təşkil etdiyi halda, onların toplam əkin sahəsindəki payı cəmi 14 faizdir. Dənli və paxlalı bitkilər, yem bitkiləri isə əkin sahəsinin toplam 74 faizini tutduğu halda, ümumi istehsalın toplam 11 faizini təşkil edir. Eyni zamanda, özünütəminetmə səviyyəsi ilə bağlı biz hazırda Siz də çıxışınızda qeyd etdiyiniz kimi, meyvə-tərəvəz, həmçinin yumurta istehsalında 100 faizin üstündə olduğumuz halda, digər istiqamətlərdə - ət, süd, buğda və kartof istehsalında hələ də qarşımızda çağırışlar durur. Sizin tapşırığınıza əsasən bunların 100 faiz təminatına nail olmaq üçün əlimizdən gələni edəcəyik.

İndi isə cənab Prezident, icazənizlə bitkiçilik sektorunda olan trendləri təqdim etmək istəyirəm. Vurğulamaq istədiyim məqam son illərdə ekstensiv əkinçiliyin inkişafını və resurs bazasının tükəndiyini göstərməkdir. Bizim son illərdə əsas inkişafımız və artımımız məhz intensiv əkinçilik hesabına olmuşdur. Ümumilikdə,bitkiçilikdə intensiv əkinçiliyə keçidin sürətləndirilməsi Sizin vurğuladığınız kimi müasir suvarmanın tətbiqindən çox asılıdır. Müasir suvarma genişləndikcə biz real nümunələr əsasında görürük ki, məhsuldarlığın artırılması mümkündür. Sadəcə taxılı, ərzaqlıq buğdanı Siz qeyd etdiniz. Ərzaqlıq buğdada ölkə ortalaması 3,2 ton olduğu halda, 2025-ci ildə ərzaqlıq buğda proqramına qoşulmuş bütün təsərrüfatlarda, müasir suvarma qurulmuş təsərrüfatlarda ortalama məhsuldarlıq 5,8 ton olmuşdur və bu da bizə onu göstərir ki, müasir suvarmanın genişləndirilməsi, əlbəttə, əsas istiqamətlərdən biri olmalıdır. Eyni mənzərəni biz təkcə buğda istehsalında deyil, digər bütün bitkiçilik məhsullarının istehsalında da görürük. Həmçinin, diqqətinizi ona da cəlb etmək istəyirəm ki, açıq sahədə tərəvəz əkinində ortalama məhsuldarlıq 20 ton olduğu halda, müasir suvarma ilə bu, 60 tona çatır. Lakin istixanalarda bu, ölkə üzrə ortalama 300 tona - 3000 sentnerə çatır. Bəzi uğurlu təsərrüfatlarda isə bu rəqəm hətta 4 min 500 sentnerə yüksəlir. Bu da istixanaların çox kiçik bir sahədə böyük istehsal həcmi yarada biləcəyini, eyni zamanda, bir hektarda daha çox insan üçün məşğulluq imkanı yaratdığını göstərir.

İndi isə heyvandarlıq sektorunda olan əsas trendləri təqdim etmək istəyirəm. Son beş il ərzində heyvanların sayında azalma müşahidə olunur. Bununla belə, ət istehsalında və adambaşına ət istehlakında artım müşahidə edilir. Artan ət istehsalı, təəssüf ki, artan ət istehlakını qarşılaya bilmir və buna görə də ət idxalı son illərdə artmışdır. Qeyd edim ki, bu sahənin qarşısında duran əsas çağırışlardan biri məhz məhsuldarlıqdır. Heyvandarlıqda məhsuldarlıq bu gün istəniləndən daha aşağıdır. Eyni zamanda, sürüdə cins heyvanların sayı cəmi 2,5 faiz təşkil edir. Bu da, təəssüf ki, bizə məhsuldarlığı ciddi şəkildə artırmağa şərait yaratmır. Bu nöqteyi-nəzərdən məhz heyvandarlıq sahəsində intensivləşmənin nəyə görə vacib olduğunu təqdim etmək istəyirəm. Bitkiçilik sektorunda olduğu kimi, heyvandarlıq sektorunda da biz həm süd, həm də ət istehsalında ekstensiv təsərrüfatların artıq öz inkişaf imkanlarını tükətdiyini görürük. Son beş ildə də əsas artımın məhz intensiv təsərrüfatların hesabına olduğunu görürük. Halbuki, onların sayı bu gün Azərbaycanda azdır və biz onların artırılmasına nail olmalıyıq. Eyni zamanda, intensivləşmə ilə bağlı qeyd edim ki, əgər ailə təsərrüfatında yerli bir cins inək ildə 1800 litr süd verirsə, intensiv təsərrüfatlarda bir inək başına məhsuldarlıq 7500 litrdir, hətta az sayda olsa belə, bəzi təsərrüfatlarda 10 min-12 min litrə çatır. Eyni mənzərəni biz intensiv təsərrüfatlarda mal ətində də görə bilirik.

Cənab Prezident, aqrar ticarətin dinamikasına toxunmaq istəyirəm. Burada bir neçə vacib məqama diqqətinizi cəlb etmək istəyirəm. İlk növbədə, son beş il ərzində aqrar ticarət artım dinamikası ilə inkişaf etmişdir. Burada önəmli və diqqət etməli olduğumuz məqam məhz aqrar emalla kənd təsərrüfatı xammal istehsalı arasındakı idxal və ixracdakı nisbətlərdir. Belə ki, ixracda bu iki sahə arasındakı nisbətdə kənd təsərrüfatı xammalı istehsalının 3–4 dəfə daha yüksək olduğunu, idxalda isə aqrar emal məhsullarının demək olar ki, iki dəfə üstünlük təşkil etdiyini görürük. Bu bizə onu göstərir ki, ölkədə aqrar emalın artırılması qarşımızda duran əsas çağırışlardan biridir. Eyni zamanda, bu beş il ərzində kənd təsərrüfatı məhsullarının ixracında həm məhsul portfelinin, həm də ixrac coğrafiyasının artdığını və genişləndiyini görürük. Cənab Prezident, bu müddətdə biz qeyri-neft məhsullarının ixracı istiqamətində Sizin tapşırıqlarınızın öz bəhrəsini verdiyinin də şahidiyik. Belə ki, bir az öncə Siz də qeyd etdiyiniz kimi, fındıqçılıqda Azərbaycan dünyada artıq dördüncü sıradadır. Əlavə edim ki, xurma ixracında Azərbaycan dünyada ikinci sıradadır. 2025-ci ildə isə ilk dəfə olaraq Azərbaycan şaftalı və nektarın ixracında dünyada doqquzuncu yerə yüksəlmişdir. Bundan əlavə, çiyələk, albalı, pomidor, pambıq lifi kimi məhsullarda da Azərbaycan dünya ixrac siyahılarında ilk iyirmilikdə yer almışdır. Bu dönəmdə əsas üç kateqoriya ixrac məhsullarımızı meyvə, pambıq və tərəvəz təşkil edir. Hər üçü əgər 2021-ci ildə toplam ixracın 87 faizini təşkil edirdisə, 2025-ci ildə 75 faizini təşkil edir və bu da onu göstərir ki, bizim məhsul portfelimiz genişlənir və digər məhsulların da ixracda payı artır. Eyni zamanda, məhsullarımızın ixrac coğrafiyasında genişlənib.

İndi isə diqqəti idxal strukturuna cəlb etmək istəyirəm. İdxal strukturu üzrə 2025-ci ildə aparılmış təhlil göstərmişdir ki, idxal etdiyimiz məhsulların 25 faizini Azərbaycanda tam əvəzləmək potensialı var. Biz bunların ölkədə 100 faiz istehsalına və idxalın əvəzlənməsinə nail ola bilərik. Məhsulların təxminən əlli faizində isə qismən əvəzetmə imkanlarımız var. Burada yerli istehsal mövcud olacaq, amma müəyyən qədər idxaldan asılılıq da qalacaq. Biz 25 faiz məhsulu isə daim idxal edəcəyik. Bunlar soya, palma yağı, banan kakao və qəhvə kimi məhsullardır.

Cənab Prezident, son olaraq aqrar sahəyə dövlət dəstəyi haqqında məlumatı diqqətinizə təqdim etmək istəyirəm. Son beş il ərzində nominal ifadədə aqrar sektora dövlət dəstəyi artmışdır. Lakin Siz də çıxışınızda qeyd etdiyiniz kimi, dünyada baş verən hadisələr və logistik zəncirlərdəki qırılmalar istehsal vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb ki, bu da nominal olaraq artan dövlət dəstəyinin real ifadədə azalmasına səbəb olub. Dövlət dəstəyi mexanizmlərində son illərə qədər vəsaitin əsas hissəsi bitkiçiliyə yönəldilib — bunun 74 faizi bitkiçiliyin, 20 faizi texnika dəstəyinin, cəmi 6 faizi isə heyvandarlığın payına düşüb. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu günə qədər dövlət dəstəyi əsasən sosialyönümlü xarakter daşıyıb. Bu dəstək regionların inkişafına, məşğulluğun artırılmasına və ərzaq təhlükəsizliyinin təmininə istiqamətlənib. Bununla yanaşı, dövlət dəstəyi məhsuldarlığın, fermer gəlirlərinin, aqrar emalın və ixracın artırılmasına da xidmət edir və bundan sonra bu istiqamət daha da gücləndirilməlidir.

Möhtərəm cənab Prezident, buraya qədər sadaladığım məsələlər mövcud vəziyyəti və qarşımızda duran çağırışları əks etdirir. Bütün bunları nəzərə alaraq, Sizin tapşırığınıza uyğun hazırlanan Dövlət Proqramı ümumilikdə kənd təsərrüfatında transformasiyanı dörd istiqamətdə ehtiva edir, yəni bu transformasiya dörd sütun üzərində qurulur. İlk növbədə, bu, resurs səmərəliliyinə əsaslanan kənd təsərrüfatının formalaşdırılmasıdır. Yüksək əlavə dəyər yaradan kənd təsərrüfatının inkişaf etdirilməsidir. Dəyər zəncirini və bazar inteqrasiyasını həyata keçirən, ona əsaslanan kənd təsərrüfatının formalaşdırılmasıdır. Bunların hamısına dəstək olan texnologiya və innovasiyaya əsaslanan kənd təsərrüfatı olmalıdır. Hazırlanan Dövlət Proqramında tədbirlər iki istiqamətdə nəzərdə tutulub: fundamental tədbirlər və dəstəkləyici tədbirlər. Fundamental tədbirləri daha ətraflı təqdim edəcəyəm. Bu, eyni zamanda, həm bitkiçilik, həm heyvandarlıq, həm də emal və logistika istiqamətli atılacaq tədbirlərdir. Amma, eyni zamanda, bu Dövlət Proqramının özünəməxsusluğu ondan ibarətdir ki, sadəcə fundamental və sahəvi tədbirləri özündə ehtiva etmir. Eyni zamanda, qanunvericilik təşəbbüslərini, institusional islahatları və rəqəmsallaşmanı da özündə birləşdirir.

İndi isə, möhtərəm cənab Prezident, tapşırığınıza uyğun olaraq hazırlanmış Dövlət Proqramının bitkiçilik istiqaməti üzrə hədəfləri təqdim etmək istəyirəm. İlk növbədə, buğda istehsalı və pambıq istehsalı istiqamətində əsas hədəf məhsuldarlığın hər iki məhsul üzrə ölkədə ixtisaslaşmış rayonlarda hektardan 5 ton məhsuldarlığa nail olmaqdır. Növbəti 5 il ərzində - 2030-cu ilə qədər əsas məqsəd hər iki sahədə məhsuldarlığı artırmaqla ümumi istehsalın yüksəldilməsi, pambıqçılıqda isə eyni zamanda emal dərinliyinin artırılmasına nail olmaqdır. Buna biz müxtəlif tədbirlərin həyata keçirilməsi ilə nail olacağıq. Burada həm müasir suvarmanın genişləndirilməsi, əlbəttə ki, əsas şərtlərdən biri olacaq. Amma, eyni zamanda, müəyyən texniki dəstəklərin verilməsi, torpaq işlərinin həyata keçirilməsi, toxumçuluğun, daha məhsuldar toxumların tətbiqi kimi fəaliyyətlər nəzərdə tutulub.

Bitkiçilik məhsulları sahəsinin inkişafı ilə bağlı hədəflərdən danışarkən müasir suvarmaya və konsolidasiyaya toxunmaq istəyirəm. Möhtərəm cənab Prezident, çıxışınızda da vurğuladığınız kimi, 2025-ci ildə Azərbaycanda müasir suvarma tətbiq olunan sahələr 130 min hektar təşkil edib. Əsas hədəfimiz isə tapşırığınıza uyğun olaraq bu göstəricini 2030-cu ilə qədər 300 min hektara çatdırmaqdır. Bu, əlbəttə ki, ölkədə məhsuldarlığın artımına, regionlarda fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək və bəzi məhsullarda da ixrac potensialını formalaşdıracaq. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq pilot konsolidasiya və təsərrüfatdaxili suvarma şəbəkəsinin, qapalı müasir suvarma şəbəkəsinin qurulması iki rayonda pilot layihə olaraq nəzərdə tutulmuşdur. Biz inanırıq ki, bu layihənin icrası əsasında həm torpaqdan və sudan daha səmərəli istifadəyə nail olunacaq, eyni zamanda, həmin bölgədə yaşayan və çalışan fermerlərin rifah səviyyəsinin yüksəldilməsinə gətirib çıxaracaq.

Möhtərəm cənab Prezident, çıxışınızda vurğuladığınız kimi, intensiv bağçılıq və istixana da bizim üçün əsas prioritet istiqamətlərdən biri olaraq qalacaq və növbəti beş il ərzində intensiv bağların sahəsinin 20 min hektar, istixanaların sahəsinin isə 500 hektar artırılması hədəf olaraq qarşımıza qoyulmuşdur. Burada diqqətinizi bir məqama çəkmək istəyirəm ki, istixanaların artıq istixana aqroparkı modelində inkişaf etdirilməsi nəzərdə tutulur və bitkiçilik sahəsində, əlbəttə ki, logistika emal istiqaməti də önəmli əhəmiyyət daşıyır. Taxıl silolarının növbəti beş ildə həcminin 150 min kubmetr artırılması və çıxışınızda qeyd etdiyiniz kimi, soyuducu anbar həcminin isə 500 min tona çatdırılması hədəf olaraq qoyulmuşdur. Eyni zamanda, möhtərəm cənab Prezident, kiçik şərabçılığa və ailə təsərrüfatlarının şərabçılığın inkişafı istiqamətində verdiyiniz tapşırıqlara uyğun olaraq, bu proqram çərçivəsində də Azərbaycanda kiçik ailə təsərrüfat şərabçılığının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur və 2030-cu ildə belə təsərrüfatların sayının 20-ə çatdırılması hədəflənir.

İndi isə heyvandarlıq sahəsi ilə bağlı qarşımıza qoyulan hədəfləri qeyd etmək istəyirəm. Ümumi süd istehsalı həcminin 2030-cu ilədək 10 faiz, ət istehsalının 20 faiz artırılması nəzərdə tutulmuşdur. Ət istehsalında özünütəminetmə səviyyəsinin 100 faizə çatdırılması qarşımıza əsas məqsəd kimi qoyulmuşdur. Eyni mənzərə qoyunçuluq üçün də nəzərdə tutulmuşdur. Qoyunçuluq istiqamətində yarımintensiv təsərrüfatların yaradılması nəzərdə tutulur və bunun sayəsində məhz ümumi məhsul istehsalının 9 faiz artırılması və özünütəminatın 101 faizə çatdırılması hədəflənmişdir. Qeyd edim ki, quşçuluq məhsulları ilə bağlı bugünkü özünütəminetmə səviyyəsi 82 faizdir, 100 faizə çatdırılması əsas hədəf olaraq müəyənləşdirilmişdir. İstehsalın isə 30 faiz artırılması nəzərdə tutulur. Burada əsas görüləcək tədbirlər yeni quşçuluq damlarının, yeni kəsimxanaların yaradılmasıdır və müvafiq olaraq damazlıq işinin təşviq edilməsidir.

Balıqçılıqla bağlı akvakulturanın inkişaf etdirilməsi əsas hədəflərdən biridir. Akvakulturada istehsal olunan balıq həcminin 2030-cu ilə qədər iki dəfədən çox artırılması əsas hədəf olaraq qarşımıza qoyulmuşdur. Eyni zamanda, buna biz ilk dəfə olaraq ölkədə balıqçılıq sahəsində subsidiyaların və dövlət güzəştlərinin verilməsi ilə nail olmağa çalışacağıq. Həmçinin, balıqartırma zavodlarının inşası da nəzərdə tutulmuşdur. Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, təxmini hesablamalar göstərir ki, bu beş il ərzində kənd təsərrüfatı sektoruna bu Dövlət Proqramı çərçivəsində 5,9 milyard manat vəsaitin investisiya kimi qoyulması gözlənilir. Bunun 2,2 milyard manatının dövlət dəstəyi olunması nəzərdə tutulur. Qalan 3,7 milyard manatın isə özəl sektor tərəfindən yatırılması gözlənilir. Bu investisiyalar və bu Dövlət Proqramının tətbiq olunması əsasında gözlənilən iqtisadi təsirlərə dair qeyd etmək istəyirəm ki, 2030-cu ilə qədər kənd təsərrüfatı üzrə istehsaldakı artım dinamikasının 2 faizdən yuxarı olacağı hesablanıb. İxrac artımının 6 faizdən yüksək olması gözlənilir. Çox mühüm bir məqama diqqətinizi cəlb etmək istəyirəm ki, bu proqram çərçivəsində infrastruktur və bünövrə işləri kənd təsərrüfatında olduqca geniş vüsət alacaq. Bunlar təşkil olunacaq və görüləcək bir çox işlər - intensiv bağçılıq, istixanaların inkişaf etdirilməsi, müasir suvarma sistemlərinin qurulması, suvarma şəbəkələrinin genişləndirilməsi – bütün bunlar öz təsirini 2030-cu ildənsonra daha uzun müddətə göstərməsi üçün hesablanıbdır.

Yekun olaraq qeyd edim ki, kənd təsərrüfatının transformasiyası dayanıqlı məhsul istehsalını, məhsuldarlığın artırılmasını və resurslardan səmərəli istifadənin genişləndirilməsini ehtiva edir. Özəl sektorun bu Dövlət Proqramı çərçivəsində özünəməxsus bir payı olacaq və onun üzərinə çox böyük bir məsuliyyətli vəzifə düşür. Bu nöqteyi-nəzərdən dövlət qurumları tərəfindən özəl sektor üçün həm çevik mexanizmlərin işlənməsi, həm də operativ xidmətlərin göstərilməsi təşviqedici rol oynayacaq, eyni zamanda, onları bu sektora investisiya yatırmağa daha çox cəlb edəcək.

Möhtərəm cənab Prezident, aqrar sahəyə cavabdeh qurumun adından Sizi əmin etmək istəyirəm ki, tapşırığınızla hazırlanmış bu Dövlət Proqramının icrası istiqamətində tələb olunan bütün addımları atmaq, verdiyiniz bütün tapşırıqları yerinə yetirmək üçün tam səfərbər olacağıq və əlimizdən gələn hər şeyi etməyə çalışacağıq. Əlbəttə ki, digər dövlət qurumlarının da resurslarının, imkanlarının səfərbər edilməsi Dövlət Proqramının uğurlu icrası üçün əhəmiyyətli dərəcədə dəstək olacaqdır. Diqqətiniz üçün təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Zati-alinizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində aqrar sektor respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması və qeyri-neft iqtisadiyyatının inkişafı baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, regionların sosial-iqtisadi dirçəlişi istiqamətində qəbul etdiyiniz qərarlar bu sahənin inkişafına güclü təkan vermişdir. Məlum olduğu kimi, müasir dövrdə kənd təsərrüfatı sektoru ölkəmizin ümumi su ehtiyatlarının ən böyük istehlakçılarından biri olaraq qalmaqdadır. Bu baxımdan, su ehtiyatlarının düzgün idarə olunması həm aqrar sektorun inkişafında önəmli rol oynayır, həm də ümumi iqtisadi dayanıqlığın əsas şərtlərindən biridir.

Möhtərəm cənab Prezident, 2025-ci ildə respublika üzrə bütün su mənbələrindən 11,5 milyard kubmetr həcmində su götürülmüş, suayırıcılarından verilmiş 7,5 milyard kubmetr su hesabına, ümumilikdə, 1 milyon 485 min hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə təmin edilmişdir. Həmin il çərçivəsində istismar planına əsasən suvarma şəbəkələrində 31 milyon kubmetr, kollektor-drenaj şəbəkələrində isə 10 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır. 842 ədəd nasos stansiyası, 6378 ədəd subartezian quyusu, 2779 ədəd hidrotexniki qurğu təmir edilmişdir. Əkin və suvarma sahəsində qurumlar arasında koordinasiyalı və səmərəli fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında birgə Fəaliyyət Planı təsdiq edilmiş və suvarma suyunun təminatında meydana çıxan bütün çətinliklərin operativ qaydada həll edilməsi üçün İşçi qrupu yaradılmışdır. Birgə Fəaliyyət Planı çərçivəsində suvarılan torpaqlarda rayonlar, təqvim ayları və ongünlüklər üzrə suvarma qrafikləri tərtib edilmiş, respublika ərazisində mütəşəkkil suvarma əsasən təmin edilmişdir.

Bununla yanaşı, Sizin birbaşa tapşırıq və sərəncamlarınızla təsdiq edilmiş dövlət proqramları çərçivəsində kənd təsərrüfatı torpaqlarının su təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Əsaslı vəsait qoyuluşu hesabına Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarlarının kaskadının və 7 magistral suvarma kanalının yenidən qurulması, həmçinin Zabuxçay su anbarının tikintisi işləri başa çatdırılmışdır. Sərsəng su anbarı, Aşağı Muğan, eləcə də ölkənin ən böyük magistral kanalı olan Şirvan suvarma kanalının yenidən qurulması, Yengicə və Əlicançay su anbarlarının tikintisi işləri davam etdirilmiş, Bərgüşadçay və Həkəriçay su anbarlarının isə tikintisinə başlanılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, beynəlxalq maliyyə institutları cəlb edilməklə Qarabağ suvarma kanalının yenidən qurulması və Qız qalası magistral suvarma kanalının tikintisi üzrə müvafiq hazırlıq işləri görülmüşdür. Bu işlərlə bərabər, Sizin də qeyd etdiyiniz kimi, 100 min hektardan çox yeni ərazi suvarılacaq və 500 min hektara yaxın ərazidə suvarma sistemləri yaxşılaşdırılacaqdır.

Xüsusi diqqətiniz sayəsində Qarabağ və Şərqi Zəngəzur ümumi su balansımıza tam inteqrasiya olunur, işğaldan azad edilmiş ərazilərdə müasir su təsərrüfatı infrastrukturunun qurulması istiqamətində kompleks tədbirlər davam etdirilir. Sözügedən ərazilərin kənd təsərrüfatı potensialının reallaşdırılması üçün etibarlı su təminatının yaradılması əsas prioritetimizdir.

Bütün bu layihələr dövlət tərəfindən su və kənd təsərrüfatına göstərilən böyük diqqətin göstəricisidir. Lakin məlum olduğu kimi, dövlətimizin infrastruktur layihələrinə qoyduğu böyük sərmayələrin geri qayıtması yalnız texniki həllər və yeni su mənbələrinin yaradılması ilə deyil, eyni zamanda, mövcud su ehtiyatlarından səmərəli istifadənin artırılması ilə təmin edilməlidir. Bu istiqamətdə əkin sahələri üzrə ənənəvi suvarma üsullarından imtina edilməsi və müasir suvarma sistemlərinin – damcı və pivot texnologiyalarının tətbiqinin genişləndirilməsi müasir dövrün çağırışlarından biridir. Müasir suvarma sistemlərinin tətbiqi həm torpaqların şoranlaşmasının qarşısını alır, həm məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır, həm də su resurslarımıza qənaət edilərək investisiyanın iqtisadi səmərəliliyini maksimuma çatdırır.

Bu gün qarşımızda duran ən böyük çağırışlardan biri də mövcud su ehtiyatlarına uyğun əkin strukturunun yaradılmasıdır. İqlim dəyişikliyi fonunda su ehtiyatlarının və yağıntıların həcminin illər üzrə dinamik surətdə dəyişdiyini nəzərə alaraq, hər bir regionun illik su balansı dəqiqliklə hesablanmaqla hansı bitki növlərinin əkiləcəyi, hansı sahələrin inkişafının təşviq ediləcəyi məhz bu su ehtiyatlarına uyğun olaraq müəyyən edilməlidir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2026–2030-cu illər üçün tədbirlər planı üzrə, misal üçün, buğda və pambığın orta məhsuldarlığının 50 sentnerə yüksəldilməsi hədəfləri mövcud ekstensiv suvarma sistemlərindən deyil, müasir, intensiv suvarma metodlarına keçidi şərtləndirir. Həmçinin Tədbirlər Planında intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara, istixanaların sahəsinin isə 1500 hektardan 2000 hektara çatdırılması, eləcə də pambıq əkin sahələrinin 100 min hektardan 85 min hektara endirilməsi fonunda məhsuldarlığın 17 faiz artırılaraq ümumi istehsalın 425 min tona yüksəldilməsi ilə bağlı bütün hədəflər bizim tərəfdən təqdirəlayiq hesab edilir. Eyni zamanda, Tədbirlər Planında qeyd olunduğu kimi, Qəbələ və Salyan rayonlarında 20 min hektar sahənin konsolidasiyası və həmin sahələrdə təsərrüfatdaxili suvarma şəbəkələrinin quraşdırılması, həmçinin respublika ərazisində müasir suvarma texnikasının əhatə dairəsinin 130 min hektardan 300 min hektara qədər artırılması su ehtiyatlarından dayanıqlı istifadəsinin təmin edilməsi baxımından mütərəqqi addım kimi qiymətləndirilə bilər.

Möhtərəm cənab Prezident, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün dövlət qurumlarının, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sıx əməkdaşlıq şəraitində fəaliyyəti təmin edilməkdədir. Aqrar sahənin inkişafı baxımından qeyd edilmiş tədbirlərin həyata keçirilməsi ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalının dayanıqlı və səmərəli təşkilinə töhfə verməklə yanaşı, su ehtiyatlarından səmərəli istifadə ilə nəticələnəcək, suvarılan sahələrin şoranlaşmasının və deqradasiyanın qarşısını əhəmiyyətli dərəcədə alacaqdır. Qeyd olunanları nəzərə alaraq, təqdim edilmiş dövlət proqramının tədbirlər planının həyata keçirilməsini önəmli hesab edirik.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sonra müzakirələr davam etdirildi.

#i̇lham #xəbər #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər