00:00:00
Yazar
Güllər Gülhüseynova
17.06.2026 19:00 152 3 dəq oxuma
Siyasət

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Baş naziri Rob Yettenlə telefon danışığında siyasi dialoqun dərinləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. Söhbətdə regional məsələlər müzakirə olunub, Prezident Cənubi Qafqazda sülh və sabitliyə dəstəyə görə Niderlanda təşəkkür edib.


Mövzu ilə bağlı politoliq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Niderlandın Baş naziri Rob Yetten arasında telefon danışığında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və enerji, investisiya, texnologiya sahələrində tərəfdaşlığın inkişafı müzakirə olunub:


“Azərbaycan Prezidenti İlham Əliyev və Niderlandın Baş naziri Rob Yetten arasında baş tutan telefon danışığı iki ölkə münasibətlərinin inkişafında siyasi dialoqun və iqtisadi əməkdaşlığın əhəmiyyətini bir daha göstərir. Bu təmas ikitərəfli əlaqələrin gündəliyi ilə yanaşı, eyni zamanda Azərbaycanın Avropa ölkələri ilə münasibətlərində artan dinamikanın və Cənubi Qafqazda dəyişən geosiyasi reallıqların fonunda qiymətləndirilməlidir. Azərbaycan və Niderland arasında münasibətlər ənənəvi olaraq iqtisadi, enerji, kənd təsərrüfatı, logistika, investisiya və texnologiya sahələrində əməkdaşlıq üzərində qurulub. Telefon danışığında siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadi əlaqələrin genişləndirilməsi məsələsinin xüsusi diqqət mərkəzində olması göstərir ki, tərəflər münasibətləri daha çoxşaxəli formata keçirmək niyyətindədirlər. Xüsusilə, Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın artan rolu Niderland kimi Avropa dövlətləri üçün Bakı ilə əməkdaşlığı strateji əhəmiyyətli edir.İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektoru olaraq qalır. Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirməyə çalışır, Avropa ölkələri isə enerji mənbələrinin diversifikasiyasına xüsusi önəm verir. Bununla yanaşı, münasibətlərin yalnız enerji ilə məhdudlaşmaması, kənd təsərrüfatı, yüksək texnologiyalar, innovasiya və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri də mövcuddur. Niderland bu sahələrdə qabaqcıl ölkələrdən biri olduğuna görə Azərbaycan üçün mühüm tərəfdaşlardan biri hesab olunur. Tərəflərin iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı razılığa gəlməsi onu göstərir ki, gələcək mərhələdə biznes əlaqələrinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və yeni layihələrin həyata keçirilməsi istiqamətində addımlar gözlənilir. Bu, həm Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi siyasətinə, həm də Niderland şirkətləri üçün regionda yeni imkanların yaranmasına xidmət edə bilər”.


Politoloq bildirib ki, Regional məsələlərin müzakirəsi zamanı Prezident İlham Əliyev Niderlandın Cənubi Qafqazda sülh və sabitliyə dəstəyini yüksək qiymətləndirib, tərəflər regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər:


“Danışıq zamanı regional məsələlərin müzakirə olunması da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Niderlandın Cənubi Qafqazda sülh və sabitlik səylərinə verdiyi dəstəyə görə təşəkkür etməsi Azərbaycanın regionda davamlı sülh prosesinə beynəlxalq dəstəyin vacibliyini vurğuladığını göstərir. Azərbaycan üçün əsas prioritetlərdən biri post-münaqişə dövründə regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır.Niderlandın yanaşması isə Avropa İttifaqının ümumi siyasəti çərçivəsində regional sabitlik, diplomatik dialoq və iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində formalaşır. Avropa ölkələrinin Cənubi Qafqaza marağının artması Azərbaycanın regional əhəmiyyətinin yüksəldiyini göstərən amillərdən biridir. Ümumilikdə isə İlham Əliyev və Rob Yetten arasında keçirilən telefon danışığını Azərbaycan–Niderland münasibətlərində praktiki əməkdaşlığın genişlənməsi istiqamətində mühüm siyasi mesaj kimi qiymətləndirmək olar”.


Aydan Əsgərxanlı

#Azərbaycan #Niderland #Prezident #görüş #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər