İlham Əliyevin "Zəngəzur dəhlizi" mesajı Türkiyə mediasında gündəm oldu
Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan vacib məqamlar Türkiyə mediasında geniş əks-səda doğurub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki,Azərbaycan Prezidentinin Naxçıvanda səsləndirdiyi,xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı fikirləri diqqətçəkən mesajlar oldu:
“Türkiyə mediası da bu fikirlərə geniş yer verib. Zəngəzur dəhlizi Türk dünyası üçün olduqca böyük əhəmiyyətə malik olan bir layihədir. Məhz bu dəhliz vasitəsilə Azərbaycan, Naxçıvan, o cümlədən Cənubi Qafqaz və Orta Asiya ilə əlaqələri qurulur. Həmçinin bu dəhliz vasitəsilə ildə 15 milyon ton yükün daşınması nəzərdə tutulur ki, bu da olduqca böyük rəqəmdir.
Məhz bu yüklər Azərbaycan və Türkiyə üzərindən keçərək Avropa bazarlarına çıxacaq. Burada həm geosiyasi, həm iqtisadi maraqlar təmin olunur və Türk dünyasının inteqrasiyası, əlaqələrinin genişlənməsi baxımından bu, olduqca vacib dəhlizdir. Bu baxımdan həm Azərbaycanda, həm Türkiyədə, ümumiyyətlə, Türküstan coğrafiyasında, yəni Orta Asiya ölkələrində bu dəhliz inteqrasiya üçün olduqca vacib komponent olaraq görülür və dəstəklənir”.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova bildirib ki,Prezident İlham Əliyevin çıxışları haqqında danışılması normal bir hadisədir. Çünki Prezidentin hər bir çıxışı dünya siyasətində, geosiyasətdə və iqtisadi baxımdan yeni fikirlər ortaya qoyur:
“Zəngəzur dəhlizinin mahiyyəti ondan ibarətdir ki, logistik baxımdan böyük yollar açılacaq. Bu yollardan uzunmüddətli və sürətli yükdaşımalar həyata keçiriləcək ki, bu da ötürülən malların və resursların daha az xərclə daşınmasına imkan verəcək. Zəngəzur dəhlizinin tikintisinə 15 milyondan çox pul qoyulub. Bu dəhliz infrastruktur, logistika, insan resursları və iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Resursların daha az işlənməsi və daha çox güc sərf olunmaması baxımından çox böyük rahatlıq və asanlıq gətirəcək”.
Politoloqun sözlərinə görə,siyasi baxımdan da Asiya və Avropada yerləşən dövlətlər arasında əlaqələrin genişlənməsi səmərəli nəticələr verəcək:
“Orta dəhlizin Xəzər dənizi və Türkiyə üzərindən genişlənməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.Bir sözlə, bunlar haqqında danışılarkən Azərbaycanın və Türkiyənin artan rolu da nəzərə alınır. Bu proses ölkələr üçün iqtisadi baxımdan böyük əhəmiyyət yaradır”.
Nurgün Qənizadə