İlin ən yaxşı məşqçisi
"Qurban Qurbanovun bu statusda olması onun məşqçi-azarkeş münasibətində mehribanlığı, səmimiliyi və onlara yaxın olmasını ifadə edir".
Bu sözləri idman şərhçisi Namiq Abbasov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Qurban Qurbanov indiyə kimi mənim şahid olduğum vəziyyətlərdə azarkeşindən tutmuş jurnalistinə qədər heç kəsin sualını geri çevirməyib, cavablayıb:
"Bu qədər tanınmış bir mütəxəssisin tənqidlərə bu cür yanaşması, komandanın psixoloji durumu haqqında onu deyir ki, burada çox müsbət, sağlam vəziyyət var. Artıq "Qarabağ" bizim 90-cı illərdən tanıdığımız "Qarabağ" deyil. Bu klub hər tərəfli oyunlara köklənən, mənəvi, psixoloji cəhətdən üzərində iş gedən bir komandadır. Ona görə də, Qurban Qurbanovun tənqidlərə bu cür yanaşması burdan irəli gəlir. Tənqidləri müsbət qarşılayır və yaxud da, başa salır ki, bu tənqid əsassızdır".
Müsahibimizin sözlərinə görə, elə bu səbəbdən tənqid etmək lazım deyil:
"Məşqçimiz Azərbaycan futbolunun son vəziyyətini, inkişafını çatdıraraq bunu aydınlaşdırır. Qurban Qurbanov əgər uzunmüddətli uğurlar qazanmasaydı, xalqa bu qədər yaxın olmazdı. O gördüyü işin sayəsində qazandığı uğurları fonunda xalqa yaxındır və xalq onu sevir. Hər hansı bir məğlubiyyət, yəni 1-2 oyun Qurban Qurbanov kimi məşqçinin iş üslubuna kölgə sala bilməz. Onun iş üslubu sistemlidir. Təcrübə toplamış mütəxəssisin işi göz qabağındadır. Qurban Qurbanov bir çox xarici klubların düşərgələrində olub, onların məşq prosesini izləyib və o tərzdə öz oyun taktikasını düzüb-qoşub. O komandanın aparıcı futbolçularını özü seçir. Seçməmişdən qabaq dəfələrlə götür-qoy edir, yoxlayır, baxır, sonradan qərar verir".
Zəhra Möhübbətova
