İmtahan stressi abituriyentləri çətin vəziyyətə salır
İmtahan stressi indi abituriyentlərin gündəlik həyatının böyük hissəsini tutur. Uşaqlar dərslər, əlavə məşqlər və valideyn-müəllim gözləntiləri ilə dolu gündəlikdə daim yorğun və gərgindir.
Abituriyent Aydan Məmmədzadə “İnformator.az”a açıqlamasında bildirib ki, imtahan yaxınlaşdıqca içində qəribə bir gərginlik olur:
“Oxuyuram, amma bəzən elə gəlir ki, beynim heç nə qəbul etmir. Valideynlərin necə gedir? sualı da adamı daha çox sıxır. Özümə deyirəm ki, qorxma, bacararsan, amma yenə narahatlıq qalır”.
Övladının çox yorulduğunu vurğulayan Gülnar Nağıyeva hər zaman övladına dəstək çıxdığını qeyd edib:
“Mən ona deyirəm, çox özünü yorma, ara ver, nəfəs al. Ən önəmlisi, əlimizdən gələni edirik və yanında olacağıq. Nəticə ikinci plandadır, amma onu dəstəkləmək hər zaman bizim işimizdir”.
Psixoloq Aytac Yüzbaşhovanın sözlərinə görə, imtahan yaxınlaşdıqca uşaqlarda qəribə bir stress yaranır:
“Onlar çox oxuyur, amma bəzən elə olur ki, beyinləri heç nə qəbul etmir və bu, onları həm fiziki, həm də emosional olaraq yorur. Müəllimlərin və valideynlərin də yüksək gözləntiləri uşaqlarda əlavə təzyiq yaradır. Bu narahatlıq bəzən yuxu pozuntularına, diqqət dağınıqlığına və ümumi ruh halının pisləşməsinə səbəb olur. Uşaqlara demək lazımdır ki, qorxma, bacaracaqsan, amma bu narahatlıq normaldır və hər kəs bunu yaşayır. Əsas olan, onların özlərini yalnız nəticəyə görə deyil, əməklərinə görə də qiymətləndirmələridir. Uşaqların psixoloji rifahını təmin etmək, onların yalnız akademik göstəricilərinə yox, eyni zamanda emosional sağlamlığına da diqqət yetirmək çox vacibdir”.
Təhsil eksperti Rizvan Fikrətoğlu təhsil sistemindəki problemin kurikulumun uşaqların yaşına uyğun olmadan çox yüklü olmasında görür:
“Məktəb proqramı və əlavə hazırlıqlar şagirdin vaxtını tam doldurur, istirahət üçün vaxt qalmır və bu, stress yaradır. Qiymətləndirmə əsasən yekun imtahanlara yönəlib, formativ qiymətləndirmə praktiki olaraq yoxdur. Valideyn və müəllimlərin real olmayan gözləntiləri uşaqlara əlavə təzyiq yaradır. Məktəblərdə psixoloji dəstək zəifdir, bir psixoloq çox sayda şagirddən fərdi iş görmək imkanına malik deyil. Stressin azaldılması üçün psixoloqların işi gücləndirilməli, şagirdlərə vaxt idarəetməsi, motivasiya və stresslə mübarizə təlimləri verilməlidir. Təhsil mühiti yüksək bal toplamağa yönəlib, fərdi xüsusiyyətlər nəzərə alınmır. Müəllimlərə və valideynlərə dəstək və təlimlər təşkil edilməli, sağlam həyat tərzi və stressin idarə olunması mövzusunda məktəblərdə tədbirlər görülməlidir”.
Ayşə Müzəfərli
