İnanın o qədər sevinirəm ki, bəlkə də yata bilməyəcəm...
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla dünya və Avropa çempionu Eduard Məmmədov “Tərəqqi” medalı ilə təltif olunub. Uzun illər Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil edən idmançı bu ali mükafata idmanın inkişafındakı xidmətlərinə görə layiq görülüb.
"İlk olaraq öz, sonra isə bu il mükafat alan bütün idmançıların adından Ali Baş komandan, Cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".
Bu sözləri Dünya, Avropa çempionu, bu il isə "Tərəqqi" medalının sahibi, Azərbaycan Kikboks Federasiyasının Vitse-prezidenti Eduard Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Cənab Prezident hər zaman bizim uğurlarımızı belə dəyərləndirir, buna görə ona çox minnətdarıq:
"Bu il mənim üçün çox uğurlu bir il idi. Mən iki versiya (peşəkarlar arasında WAKO və IKBO versiya) üzrə qalib gəldim, həmin interkontinental kəmərin sahibi oldum. Ümumi WAKO-da 10-cu dəfə dünya çempionu, amma bütün versiyalarında 30-cu dəfə dünya çempionu oldum. Onunla bərabər, Azərbaycan Kikboks Federasiyasının bu il böyük uğurları olub. Burada ilk olaraq Azərbaycan Kikboks Federasiyasının fəxri prezidenti, Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyevə, Azərbaycan Kikboks Federasiyasının prezidenti Orxan Əliyevə, daha sonra isə Gənclər Və İdman Naziri Fərid Qayıbova xüsusi təşəkkürümü bildirirəm. Bu idmanın inkişafı, uğurları göz qabağındadır. Bu gün bizim Federasiya böyük uğurlar qazanır və məhz "Tərəqqi" medalını mənim almağım birbaşa Kikboks Federasiyasının uğurudur".
Müsahibimizin sözlərinə görə, o, indi də məhşur idmançı kimi tanınsa da, Federasiya da vitse-prezident kimi xidmət edir. Hətta çoxsaylı tələbələri də yetişir:
"İlham Əliyevin bu sərəncamı ilə "Tərəqqi" medalı mənim uğurlarımı qiymətləndirilməsidir. Mən bundan sonra da çalışacam ki, öz bildiyimi gənclərimizlə bölüşüm. Gəlin hər zaman gəncləri pis vərdişlərdən, narkomaniyadan uzaq tutmağa çalışaq, onlara düzgün tərbiyə verək, sağlam ruh ilə böyüdək. Mən də bunun üçün çox çalışıram. Öz təcrübəmizlə onları yönləndirək, çünki gənclər bizim gələcəyimizdir. Çalışaq ki, gələcəkdə Vətən uğrunda döyüşə və ya xidmətə gedəndə möhkəm, güclü, sağlam getsinlər. Mən öz peşəmi çox sevirəm, yaxşı ki, də bu peşəni seçmişəm. Belə uğurlu idmançı olmaq hər kəsə qismət olmur. Çətin, çox ağır peşədir. Amma peşəni sevirsənsə gözünə heç bir çətinlik görünmür. Bayrağımızı beynəlxalq arenalarda dalğalandırmaq, Azərbaycan himnini hər kəsə dinlətmək böyük şərəf, qürurdur. Mən bu gün çox gözəl hisslər keçirirəm. Buna görə bir daha prezidentimizə minnətdarlığımı, buna məni layiq gördüyü üçün təşəkkürümü bildirirəm. Mən hər zaman uğurlarımla xalqımızı sevindirməyə hazıram. Biz qalib ölkəyik, qalib xalqıq, Allah şəhidlərimzə rəhmət etsin, qazilərimizə can sağlığı versin, Allah Cənab Prezidentimizi qorusun!".
Zəhra Möhübbətova
