İncəsənətdə kommersiya problemi
Son illər sənət aləmində müşahidə olunan əsas tendensiyalardan biri incəsənətin getdikcə daha çox bazar prinsiplərinə uyğunlaşmasıdır. Rəssamlıqdan teatr və kinoya qədər bir çox sahədə yaradıcılığın bədii dəyərindən çox, onun kommersiya baxımından gəlir gətirməsi önə çəkilir. Bu isə həm sənətkarların seçimlərinə, həm də sənətin cəmiyyət qarşısındakı funksiyasına təsir edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sənətşünas Ülkər Əliyeva bildirib ki, müasir dövrdə sənətkar həm öz yaradıcılığını qorumaq, həm də maliyyə əldə etmək üçün balans tapmalıdır:
“Sənətçi yalnız yaradan deyil, həm də bazarda özünü təqdim edən bir fiqura çevrilib. Əgər yalnız bədii dəyərə fokuslansan, əsərlər geniş auditoriyaya çata bilməz. Əgər yalnız kommersiya yönümlü işlər görsən, sənətin mahiyyəti sırf məhsula çevrilir. Ona görə də balans çox vacibdir. Bu gün sosial platformalar yaradıcı insanlara böyük imkanlar açır, amma eyni zamanda tamaşaçı davranışını algoritmlərlə formalaşdırır və bəzən yaradıcı insanı trendə uyğunlaşmağa vadar edir. Bu mürəkkəb vəziyyətdə sənətçiyə kömək edə biləcək mexanizmlər fondlar, rezidensiyalar, açıq çağırışlar, əməkdaşlıqlar və bazarla sənətçi arasında körpü rolu oynaya biləcək qurum və şəxslərdir. Eyni zamanda, balans yalnız sənətkarın mövqeyi ilə qorunmur, cəmiyyətin də rolu var. Əgər tamaşaçı sənəti yalnız əyləncə kimi qəbul edirsə, bazar da buna uyğun formalaşır. Amma auditoriya daha dərin, düşündürücü işlər tələb etdikdə, kommersiya ilə bədii dəyər arasında sağlam münasibət yaranır. Çünki müasir sənət bəzi hallarda yalnız vizual olaraq gözəllik göstərmək deyil, daha dərin mənalar daşıyır. Belə sənətlə məşğul olan sənətçilər də bazardan kənarda qalmamalıdır”.
O, qeyd edib ki, güzəşt məsələsi tarixi bir fenomendir:
“Bütün dövrlərdə sənətçi özünü təmin etmək və sağ qalmaq üçün bəzən güzəştə gedib. Hazırda yerli incəsənətdə yeni nəsil rəssamlar üçün belə bir tendensiya var. Orta statistik və büdcəli alıcı üçün yaradılan əsərlər əsasən tanış elementlərdən ibarətdir və izləyiciyə yad olmayan motivləri özündə birləşdirir. Sənətçi bəzən gözəgörünməz bağlarla bu qəliblərə ilişir və bu da incəsənətin proqressiv inkişafına mane olur. İnstagram və TikTok kimi platformalar əsərin dərinliyindən çox, vizual effekti və sürətli paylaşımı ön plana çıxarır. Bu, gəncləri izlənmə və sürətli uğur uğrunda daha “asan həzm olunan” işlər yaratmağa vadar edir. Burada əsas məsələ şüurlu sənət istehlakçısının formalaşmasıdır. Maariflənmə və təhsil auditoriyanın konseptual incəsənəti qiymətləndirməsinə imkan yaradır. Əks halda, bu sahədəki sənətçilər bazardan kənarda qala bilərlər”.
Ülkər Əliyeva ən böyük təhlükənin kommersiya uğruna sənətin mahiyyətindən imtina olduğunu vurğulayıb:
“Kommersiyasız incəsənət həmişə alternativ məkanlarda yolunu tapıb. Tarix göstərir ki, ən böyük cərəyanlar və yeniliklər çox vaxt bazardan kənarda yaranıb. Məsələn, XX əsrin əvvəllərində avangard sənət – kubizm, dadaizm, sürrealizm – bazarda uğur qazanmaq üçün yaradılmamışdı. Əksinə, onlar bazar qaydalarına qarşı çıxış edirdilər. Zamanla isə sənət tarixinin əsas sütunlarına çevrildilər. Digər tərəfdən, kommersiyasız incəsənət yaşamağa tamamilə qadirdir. Underground musiqi səhnələri və alternativ teatr bunun nümunəsidir. Bu əsərlər bazardan asılı olmadıqları üçün daha təsirli ola bilirlər. Əgər sənət tamamilə kommersiyaya tabe olarsa, əsər yalnız məhsul funksiyası daşıyır. Sənətin mahiyyətindən imtina həm sənətçiyə, həm də cəmiyyətə zərər verir, çünki sənət yalnız əyləncə deyil, həm də təfəkkürün aynasıdır, ictimai problemləri işıqlandırır və insan ruhunu zənginləşdirir”.
Sura Əliyeva
