“IndiGo” Bakı və digər şəhərlərə uçuşları ləğv edir
Hindistanın “IndiGo” aviaşirkəti İran ətrafında yaranmış vəziyyətlə əlaqədar fevralın 28-dək Tbilisi, Almatı, Bakı və Daşkəndə bütün uçuşları ləğv edib. Aviaşirkət qərarın müştərilərin və heyətin təhlükəsizliyi, eləcə də rahatlığının təmin olunması məqsədi daşıdığını açıqlayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İranla bağlı gərginlik regional hava nəqliyyatına və ümumi iqtisadi proseslərə mənfi təsir göstərir.
“ABŞ İranı təcrid edərək onu bir növ mühasirədə saxlayıb təslim etməyə çalışır. İran isə sərt ritorikası ilə vəziyyəti daha da gərginləşdirir. Bu isə əsasən ölkənin öz daxili durumuna zərər vurur. İqtisadi, ticarət və siyasi əlaqələrin məhdudlaşması digər sahələrdə də gərginliyin artmasına səbəb olur.
Aviaşirkətlərin İran hava məkanından yayınması həm təhlükəsizlik tədbiri, həm də bu ölkəyə qarşı diplomatik təzyiq vasitəsidir. Azərbaycan və qonşu ölkələrlə bağlı hər hansı problem yoxdur. Sadəcə mövcud gərgin vəziyyət hava nəqliyyatında müəyyən məhdudiyyətlər yaradıb”.
Reyhan Quliyeva
