00:00:00
Yazar
Lalə Qafarova
12.03.2026 15:17 112 2 dəq oxuma
Media

"İnformasiya müharibələri şəraitində jurnalistlərin məsuliyyəti daha da artır" - Afaq Sadıqova

"İnformasiya müharibələri şəraitində jurnalistlərin məsuliyyəti daha da artır" - Afaq Sadıqova

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında növbəti təlim təşkil olundu.Təlimi Bakı Dövlət Universitetinin müəllimi, sosioloq və politoloq Afaq Sadıqova keçirdi.


"İnformator.az" xəbər verir ki, təlimdə “Azərbaycanda jurnalistika və siyasətin tarixi inkişafı” mövzusu müzakirə olundu.

 

Afaq Sadıqova bildirdi ki, Azərbaycan jurnalistikasının formalaşması birbaşa siyasi proseslərlə bağlı olub. Eyni zamanda milli  mətbuatımızın yaranması məsələsinə də toxunuldu.

1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə mətbuatımız  təşəkkül tapıb. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi cəmiyyətdə maarifçilik ideyalarının yayılmasını əsas məqsəd kimi müəyyən etmişdi.

Təlimçi qeyd etdi ki, sonrakı dövrlərdə Azərbaycan mətbuatının inkişafında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər ziyalıların da böyük rolu olub. Onların fəaliyyəti nəticəsində “Həyat” və “Açıq söz” qəzetləri, “Füyuzat” jurnalı kimi nəşrlər yaranaraq milli oyanış prosesinə töhfə verib.

 

Təlim zamanı “Molla Nəsrəddin” jurnalının satirik jurnalistika ənənəsinin formalaşmasındakı rolu da qeyd olundu. Bildirildi ki, jurnalın banisi Cəlil Məmmədquluzadə cəmiyyətdə mövcud olan sosial problemləri və mövhumatı satira vasitəsilə tənqid edib.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuatın inkişafı mövzusuna da toxunuldu. Həmçinin qadınların ictimai-siyasi həyatda fəallaşması və “İşıq” qəzeti kimi qadın mətbuat orqanlarının fəaliyyəti haqqında da məlumat verildi. Çıxış zamanı sovet dövründə jurnalistikanın ideoloji nəzarət altında fəaliyyət göstərdiyi qeyd olundu. Bildirildi ki, həmin dövrdə bir çox ziyalı və jurnalist repressiyalara məruz qalıb.

Afaq Sadıqova müstəqillik dövründə Azərbaycan mediasının inkişaf mərhələlərini də vurğuladı. O qeyd etdi ki, 1998-ci ildə Heydər Əliyevin senzuranı ləğv etməsi mətbuatın inkişafına mühüm təkan verib.

 

Sonda qeyd olundu ki, müasir dövrdə media cəmiyyət və dövlət arasında mühüm körpü rolunu oynayır və informasiya müharibələri şəraitində jurnalistlərin məsuliyyəti daha da artır.

 

İnteraktiv mühitdə keçirilən təlimdə müdavimlərin sualları cavablandırıldı, mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı. 
 

Elsa Abdullayeva

#xəbər #şəraitində #müharibələri #"i̇nformasiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər