İnformasiya təhlükəsizliyinə yeni qlobal təhdid
Son illər “deepfake” adlanan süni intellekt texnologiyası informasiya təhlükəsizliyi üçün ciddi problemə çevrilib. Deepfake-lərin yayılması ilə informasiya siyasəti daha mürəkkəb və çətin bir mərhələyə qədəm qoyur. Dərin öyrənmə (deep learning) əsasında yaradılan bu texnologiya insanın üz ifadələrini, səslərini və hərəkətlərini yüksək dəqiqliklə təqlid edərək süni video və audio materiallar yaradır.
Mövzu ilə bağlı "İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimi Birliyinin sədri Aynur Nəsirova “İnformator.az”a açıqlmasında bildirib ki, süni intellekt və maşın öyrənməsi texnologiyalarına əsaslanan deepfake əyləncə, marketinq, jurnalistika və siyasət sahəsində səs və vizual görüntüləri manipulyasiya etməklə saxta məzmun yaradır:
"Deepfake vasitəsilə siyasi liderlərin danışığı və davranışları manipulyasiya edilir, həqiqi görünən, lakin yalançı bəyanatlar və saxta şəxsiyyətlər yaradılır. Siyasi manipulyasiyada deepfake-dən seçkiqabağı kampaniyalarda rəqib siyasətçiləri nüfuzdan salmaq, dövlətlər arasında diplomatik münasibətləri gərginləşdirmək üçün istifadə edilir. Liderlərin saxta bəyanatlarının yaradılması iki və ya daha çox ölkə arasında gərginliyə səbəb olur ki, bu da informasiya müharibələrinin daha mürəkkəb və təhlükəli müstəviyə keçməsinə gətirib çıxarır, kiberhücumlar üçün yeni imkanlar yaradır, dövlətlərarası informasiya müharibələrində təsirli alət ola bilir. Deepfake texnologiyası sosial inamsızlıq yarada bilər və "post-həqiqət dövrü" kimi tanınan dövrdə media istehlakını çətinləşdirə bilər. Deepfake sosial qütbləşməyə də səbəb ola bilər".
QHT sədri əlavə edib ki, saxta videolar seçkiqabağı təbliğatın və ya rəqiblərin nüfuzdan salınması üçün də istifadə edilir:
"Deepfake-lər vasitəsilə yaradılan saxta videolar və səslər xəbərlərin etibarlılığını azaldır, ictimai rəyə manipulyasiya etmək üçün güclü vasitəyə çevrilir. Liderlərin və ya ictimaiyyətin tanınmış şəxslərin saxta çıxışları ictimai etimadı zəiflədilir, ictimaiyyətin informasiya mənbələrinə olan inamını azaldır. Media və cəmiyyət üzərində təsir baxımından deepfake-lər etibarlılığa zərbə vurmaqla yanaşı cəmiyyət arasında çaşqınlıq və sosial gərginlik yaradır, etibarlı informasiya mənbələrini manipulyasiya təhlükəsi ilə qarşı-qarşıya qoyur. İzləyicilərin həqiqi məlumatla saxtanı ayırmaqda çətinlik çəkməsi qlobal informasiya siyasətinin keyfiyyətini aşağı salır.Deepfake texnologiyasının yayılması hüquqi tənzimləmələrin və etik standartların yenidən nəzərdən keçirilməsini tələb edir. Deepfake-lərin hüquqi tənzimlənməsi sahəsində əsas diqqət onların istifadəsi ilə bağlı olan zərərli təsirlərin qarşısını almağa yönəlib. ABŞ və Avropa İttifaqında deepfake texnologiyasından sui-istifadənin məhdudlaşdırılması üçün qanunlarda seçkilərə təsir göstərmək və ya şəxsi hüquqların pozulması məqsədilə deepfake-lərin istifadəsi qadağandır. Eyni zamanda, əxlaqi mübahisələr də aktualdır, xüsusilə pornoqrafiya və şəxsiyyət oğurluğu kimi sahələrdə. 2019-cu ildə Kaliforniya ştatında qəbul edilən deepfake texnologiyasından istifadəni tənzimləyən qanuna əsasən, seçkiqabağı dövrdə siyasi namizədlər və ya seçki prosesi ilə əlaqəli yanlış məlumat yayan hər hansı dəyişdirilmiş məzmun qanunsuz hesab olunur. 2024-cü ildə qanuna edilən dəyişiklik isə, dərin saxtakarlıqla yaradılmış siyasi reklamlar məhkəməyə qədər aparır. Bundan əlavə, Qanun platformaların belə məzmunu silmək və ya etiketləmək üçün mexanizmlər yaratmasını tələb edir.
Avropa İttifaqı isə şəxsi məlumatların qorunması və texnologiyaların etik istifadəsini təmin etməyə çalışır. Belə ki, fərdlərin razılığı olmadan onların görüntü və ya səslərinin manipulyasiyası qanunsuz addım hesab edilir. Bundan əlavə, Aİ texnoloji şirkətlərin süni intellektlə əlaqəli tətbiqləri etik çərçivədə idarə etməsi üçün rəqəmsal tənzimləmə qaydaları üzərində işləyir. Avropa İttifaqı deepfake texnologiyası ilə yalan məlumat yaymağı və ictimai etimadı sarsıtmağı məhdudlaşdırmaq üçün müxtəlif yollardan istifadə edir. Məsələn, Kaliforniyada 2355 deepfake üzərinə "bu məzmun süni intellekt tərəfindən yaradılmışdır" etiketinin vurulması seçiciləri yanıltıcı reklamlardan qorumağa yönəlib. Kaliforniya ştatında şəxsi məlumatların manipulyasiyası - deepfake vasitəsilə bir şəxsin səsinin və ya görüntüsünün dəyişdirilməsi qanuna ziddir və ciddi cərimələrə səbəb olur. ABŞ və Avropa İttifaqı deepfake texnologiyasının təsirini azaltmaq üçün müxtəlif qanun və tənzimləmə mexanizmləri qəbul etsə də, dünyanın bir çox ölkəsində bu texnologiyadan istifadəyə dair qanunvericilikdə boşluq var.
Deepfake yaratmaq və onları aşkar etmək üzrə texnologiyalar paralel olaraq inkişaf edir. Süni intellektdən istifadə edən alqoritmlər bu texnologiyaları daha dəqiqliklə aşkarlamağa yönəlib. Məlumatlandırma kampaniyaları vasitəsilə ictimaiyyətin təhsilləndirilməsi də vacib amildir. Deepfake məzmunlarının yaradılması və yayılmasını məhdudlaşdıran qanunların tətbiqi, məzmun istehsalçılarına qarşı cərimə və hüquqi tədbirlərin artırılması vacib amildir. Bundan əlavə süni intellekt əsasında deepfake-ləri aşkar edən alqoritmlərin inkişafı, Blockchain texnologiyasının istifadəsi, məlumat doğrulama alətləri və deepfake filtrlərinin inkişafı bu təhlükəni azaltmaq üçün təsirli həllərdir. Eyni zamanda, media savadlılığının artırılması, ictimaiyyətin məlumatlandırılması, saxta məzmunların tanınması üzrə təlimatlar də manipulyasiyalara qarşı dayanıqlığı artırır. Deepfake-lərin təhlükəsizlik və dezinformasiya sahəsində təsirini araşdıran Northwestern Universitetinin Tətbiqi Süni İntellekt və Təhlükəsizlik Laboratoriyasının (NSAIL) bu texnologiyanın təhdidlərini azaltmaq üçün tövsiyəsinə əsasən liberal demokratiyalar ictimai məlumatların dəqiqliyinə və maraqlarına uyğun balans tapmalıdır. “DARPA Media Forensic” proqramı isə deepfake texnologiyasının inkişafı ilə mübarizədə həlledici alət kimi multimedia məzmununun orijinallığının təhlilinə yönəlib. Bu proqram, süni intellekt və dərin öyrənmə alqoritmləri vasitəsilə videoların və şəkillərin manipulasiyasını aşkar etməyə çalışır. Məqsəd deepfake və digər media manipulyasiya formalarını müəyyənləşdirib, riskləri aşağı salmaqdır. Deepfake texnologiyası müasir informasiya siyasətinə həm böyük potensial, həm də ciddi təhlükələr gətirir. Siyasi manipulyasiya, cəmiyyətin çaşdırılması və qlobal təhlükəsizlik problemləri bu texnologiyanın yanlış istifadəsinin nəticələridir. Deepfake-lərə qarşı mübarizə üçün qlobal əməkdaşlıq və məlumat təhlükəsizliyinə dair beynəlxalq standartların tətbiqi zəruridir. Dövlətlər, beynəlxalq təşkilatlar və media qurumları daha müasir strategiyalar hazırlayaraq texnoloji təhlükələrə qarşı adekvat addımlar atmalıdır".
Vüqar Alışov
