İnformatika müəllimlərinə qısa müddətə təlimlər keçmək lazımdır
"Bildiyimiz kimi,bu il ilk dəfə olaraq I ixtisas qrupu üzrə informatika yönümlü ixtisaslara qəbul olmaq istəyən abituriyentlər blok imtahanı zamanı riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən də imtahan verib. Ancaq abituriyentlər bu fənn üzrə repetitor yanına getmək istəsələr də, informatika müəllimi tapmaqda çətinlik çəkirlər.
Əlavə olaraq, orta məktəb şagirdlərinin,abituriyentlərin narazı olduğu bir başqa məqam isə orta məktəblərdə informatika fənlərinin ciddi,düzgün tədris olunmaması, bəzi məktəblərin kompüter otaqlarınının tədrisə uyğun olmaması şagirdlərin informatika biliklərinin,kompüter bacarıqlarınln zəif olmasına səbəb olur".
Təhsil Eksperti Kamran Əsədov məsələ ilə bağlı informator.az-a açıqlamasında qeyd edib ki, I ixtisas qrupunda ən yüksək bal toplayan abituriyentlərin seçdiyi ixtisaslar birbaşa informatika ilə bağlıdır.
"Hesab edirəm ki, I ixtisas qrupu üzrə Kompüter mühəndisliyi, Kompüter elmləri, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, proseslərin avtomatlaşdırılması, sistem mühəndisliyi, informatika müəllimliyi kimi bir çox ixtisaslar var və bu ixtisaslara qəbul olanların bilik və bacarıqlarını daha da artırmaq üçün, yüksək səviyyəli mütəxəssislər hazırlanması üçün qəbul imtahanlarına informatika fənni əlavə olunması mühüm müsbət dəyişiklikdir".
Ekspert əlavə edir ki, biz hazırda rəqəmsal inqilab dövründə yaşayırıq.
"Bütün dünyada müasir informasiya cəmiyyətləri qurulmaqdadır. Təbii ki, belə bir cəmiyyətdə informasiya emalı vərdişlərinə sahib olmadan müasir ixtisaslara sahib olmaq, yaxud da, müasir vərdişlərə yiyələnmək qeyri-mümkündür. Bu cəhətdən baxsaq, bütövlükdə tədris prosesində informasiyanın emalını, informatika fənninin məzmununu daha da müasirləşdirmək zəruridir. İnformasiya ilə işləməklə bağlı şagird və tələbələrə həm texnologiyalara, həm də vərdiş və biliklərə sahib olmaq bu gün həyati dərəcədə əhəmiyyətlidir".
Ekspertin fikrinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən ali və orta məktəblərdə informatika fənninin məcburi fənn kimi tədris olunması, DİM tərəfindən I ixtisas qrupuna İnformatika fəninin əlavə olunması təqdirəlayiq haldır.
"Qeyd edim ki, qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq informatika sahəsində əsas anlayışların, alqoritmlərin və kodlaşdırma öyrədilir. Nəzərə alsaq ki, bu gün qəbul imtahanları Azərbaycanda təhsilin məzmununa kifayət qədər təsir edir, deməli, informatika fənninin I ixtisas üzrə qəbul imtahanı siyahısına daxil edilməsi orta məktəblərdə bu fənnin tədrisinə müsbət təsir edəcək, şagirdlər daha maraqla bu fənni oxuyub öyrənəcəklər. Hesab edirəm ki, belə bir addımın atılması kadr hazırlığı istiqamətində faydalı olacaq. Məhz belə bir addımın atılması həm də bu fənnin tədris olunduğu zaman yeni-yeni məzmunların yaranmasına, bu fənnə qarşı tələbin yüksəlməsinə, şagirdlərin bu fənnə daha da məsuliyyətli yanaşaraq öyrənməsinə səbəb olacaq. Ümumilikdə götürsək, bu gün Azərbaycan iqtisadiyyatı müasirləşir. Müasir dayanıqlı inkişaf qururuq. Həm iqtisadi, həm də sosial cəhətdən gələcək nəslin informatika fənninin tələblərini daha çox bilməsi, informasiya emalı vərdişlərinə yiyələnməsi çox vacibdir. Fakt olaraq qeyd edim ki, bu illəri ölkəmizdə təxminən 6 min nəfərə yaxın şagirdimiz İT və kompüter ixtisası üzrə ali məktəblərə qəbul olunub. Lakin son iki ildə abituriyentlərimiz informatikanı bir kənara tullayaraq məcburən kimya öyrənib ki, İT ixtisasa qəbul ola bilsin. Çünki bizim qəbul qaydalarına görə İT və kompüter ixtisasını seçənlər informatika əvəzinə kimyadan imtahan vermək məcburiyyətindədir. Düzdür, hal-hazırda orta ümumtəhsil məktəblərində informatika fənninin tədrisində ciddi problemlər var. Söhbət həm maddi-texniki baza, həm də müəllimlərin hazırlıq səviyyəsindən gedir. Beynəlxalq olimpiadalarda bu fənn üzrə uğur əldə edən şagirdlərin də bir çoxu xüsusi lisey və gimnaziyaların yetirmələridirlər. Xüsusilə bölgələrdə komputer və kadr problemidaha çox yaşanır".
Kamran Əsədov sonda qeyd edib ki,bu problemin aradan qaldırılması üçün bölgələrdə olan informatika müəllimlərinə qısa müddətə təlimlər keçmək lazımdır.
Nəzrin Mirzəyeva
