İngiltərə Premyer Liqasında avqust ayı üzrə ən yaxşı futbolçu açıqlanıb
Bu mükafata "Everton"un yarımmüdafiəçisi Jack Grealish layiq görülüb. Grealish 3 qarşıdurmada 4 məhsuldar ötürmə ilə yaddaşlarda iz buraxıb.
Mövzu ilə bağlı idman mütəxəssisi Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, İngiltərə Premyer Liqasında mükafatlandırma hər zaman doğru olub, hər mövqe üzrə münsiflər heyəti çox peşəkardır, obyektiv yanaşırlar:
"Üç qarşılaşmaya dörd məhsuldar ötürmə olduqca müsbət bir haldır. Həmin mükafatı əldə etməsi futbolçu üçün həm şəxsi göstərici, həm də komanda üçün xeyir və nəticədir. Digər oyunçuların seçilməməsi o demək deyildir ki, onlar zəif çıxış edirlər, hər kəsin bildiyi kimi, qol kralı hər zaman qol kralıdır, lakin onu qola çevirən və o ötürməni edən futbolçular var ki, onların dəyərini hər zaman bilmək lazımdır. Namizədlər arasında bir çox futbolçular var idi,ancaq seçim yetərincə obyektivdir. Futbolçu yalnız ötürmələri ilə yox, həmçinin oyun quruculuğu, rəqibə qarşı pressinqi ilə fərqlənir. "Everton" özü yetərincə iddialı bir klubdur, bu nailiyyətdən sonra həm oyunçunun özü, həm də komandanın daha da motivasiyalı olması gözlənilir".
Mələk Nəsirli
