İngiltərə və Fransadan Suriyada İŞİD hədəflərinə hava zərbəsi
İngiltərə və Fransaya aid döyüş təyyarələri Suriyanın mərkəzində İŞİD üzvlərinin silah və partlayıcı saxladığı güman edilən yeraltı obyektə hava hücumu edib. İngiltərə Müdafiə Nazirliyi əməliyyatın şənbə gecəsi baş tutduğunu açıqlayıb.
Hədəf, Homs vilayətində, tarixi Palmira şəhərinin şimalındakı dağlıq ərazidə olub. Bu əməliyyat ABŞ-nin rəhbərlik etdiyi, on ildən artıqdır İŞİD-ə qarşı mübarizə aparan koalisiyanın tərkibində həyata keçirilib.
İngiltərə ordusunun Voyager yanacaq təchizat təyyarəsinin dəstəyi ilə Typhoon FGR4 döyüş təyyarələri əməliyyatda iştirak edib, Fransız hava qüvvələri də hücuma qatılıb. İngilis təyyarələri Paveway IV lazerlə idarə olunan bombalarla yeraltına gedən tunelləri vurub.
Müdafiə Nazirliyi zərbənin nəticələrini araşdırır və ilkin məlumatlara görə, hədəf uğurla məhv edilib.
İngiltərə Müdafiə Naziri Con Hili bildirib ki, bu əməliyyat Birləşmiş Krallığın və müttəfiqlərinin İŞİD-in yenidən güclənməsinin qarşısını almaq və zorakı ideologiyalarını Yaxın Şərqdən silmək üçün qətiyyətini göstərir.
Suriya hökumətindən bu hücuma dair hələlik heç bir rəsmi açıqlama yoxdur. Şam rejimi keçən ilin sonunda rəsmi olaraq İŞİD-ə qarşı koalisiyaya qoşulub.
İŞİD 2019-cu ildə Suriyada məğlub olsa da, gizli hüceyrələri ilə ölkədə və İraqda hücumlar etməyə davam edir. BMT ekspertləri hesab edir ki, təşkilat hələ də 5 minlə 7 min arasında döyüşçüyə sahibdir.
Ötən ay isə ABŞ rəhbərliyi, Palmira yaxınlığında iki ABŞ əsgəri və bir amerikalı mülki tərcümənin öldürüldüyü pusku hücumundan sonra Suriyada İŞİD hədəflərinə hava zərbələri başlayıb.
Euronews
Zəri Bayramlı
