00:00:00
Yazar
Zəhra Həsənova
15.02.2026 16:59 9 3 dəq oxuma
İdman Özəl

İnkişafın sabitliyi qısamüddətli uğurlardan daha əhəmiyyətlidir- Oqtay Atayev

İnkişafın sabitliyi qısamüddətli uğurlardan daha əhəmiyyətlidir- Oqtay Atayev

Azərbaycan Üzgüçülük Federasiyası son dövrlər su idman növlərinin inkişafı istiqamətində struktur islahatları, beynəlxalq əməkdaşlıqlar və iri turnirlərin təşkili ilə diqqət çəkir.


"Azərbaycan Üzgüçülük Federasiyasının ötən il təqdim etdiyi strategiya çoxşaxəlidir və dörd illik dövrü əhatə edir. Sözügedən strategiya federasiyanın nəzdində fəaliyyət göstərən bütün su idman növlərinin kompleks və davamlı inkişafına yönəlib".


Bu sözləri Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, əsas strateji istiqamətlər üzmə bacarığının formalaşdırılması, kütləviliyin artırılması, milli komandaların beynəlxalq yarışlarda nəticələr əldə etməsi, eləcə də idmançıların tibbi və fiziki inkişafının təmin olunmasından ibarətdir:

 

"Sonuncu istiqamət idmançıların sağlamlığının qorunması, bədən inkişafının düzgün şəkildə formalaşdırılması və bu sahədə sistemli yanaşmanın tətbiqini nəzərdə tutur. Qeyd etməliyik ki, indiki reallıqda su idmanı növlərində qısa müddətdə yüksək nəticələr əldə etmək heç də asan deyil. Bununla belə, bütün çətinliklərə baxmayaraq, artıq bəzi müsbət nəticələr mövcuddur. Belə ki, ötən il MDB Oyunlarında üzgüçülük üzrə milli komandamız iki qızıl medal da daxil olmaqla ümumilikdə, on üç medal qazanıb. Bundan əlavə, İslam Həmrəyliyi Oyunlarında ilk dəfə yerli idmançıların hesabına üç medal əldə olunub ki, bu da federasiya üçün mühüm uğur göstəricisi hesab edilə bilər. Federasiyanın əsas hədəfləri yeniyetmələr arasında Avropa və dünya çempionatlarında, növbəti mərhələdə isə böyüklər arasında beynəlxalq arenada medal qazanmaq və uzunmüddətli perspektivdə Olimpiya Oyunlarında uğurlu nəticələr əldə etməkdir, amma bütün bunlar böyük zəhmət, sərmayə və zaman tələb edir. Su idman növlərində aparıcı ölkələrlə aramızda olan fərq aydın şəkildə görünməkdədir. Lakin bu amil bizi ruhdan salmalı deyil, əksinə, davamlı inkişafı və mərhələli irəliləyişi hədəfləməyə stimul verməlidir. ASF sabit inkişaf modelinin formalaşdırılmasını və pillə-pillə İrəliləyişi əsas prinsip kimi qəbul edir. Yəni, federasiya üçün qısamüddətli uğurlardan daha əhəmiyyətli inkişafın sabitliydir. Hər gün əvvəlki gündən, az da olsa, daha yaxşı olmalıyıq və bunun üçün sistemli şəkildə çalışırıq. Həmçinin inkişaf yalnız milli komandalarla məhdudlaşmır, bu proses kompleks yanaşma tələb edir. Regionlar üzrə istedadlı idmançıların aşkar edilməsi, gənc və perspektivli idmançıların hazırlanması, məşq proseslərinin müasir və vahid metodlarla aparılması, beynəlxalq arenada iştirakın genişləndirilməsi də vacib amillərdəndir".


Müsahibin sözlərinə görə, əcnəbi mütəxəssislərin cəlb edilməsi güclü bünövrənin qurulmasına və milli komanda üzvlərinin peşəkar inkişafının təmin edilməsinə yönəlib:


"Bununla yanaşı, federasiya vasitəsilə yerli məşqçilərin də bu prosesə cəlb olunmasına xüsusi önəm verilir. Məqsəd həm ümumi fəaliyyətin daha səmərəli təşkilinə nail olmaq, həm də yerli mütəxəssislərin xarici mütəxəssislərlə birgə çalışaraq, bilik və təcrübələrini artırmalarını təmin etməkdir. Oktyabrda Bakı Su İdmanı Sarayında keçiriləcək Dünya Kuboku mərhələsi Azərbaycanın iri miqyaslı beynəlxalq idman tədbirlərini yüksək təşkilatçılıq səviyyəsində keçirmək potensialını bir daha nümayiş etdirəcək. Eyni zamanda, federasiyanın beynəlxalq idman qurumları ilə əməkdaşlığının daha da güclənməsinə töhfə verəcək. Tədbirin uğurla təşkil olunmasında Gənclər və İdman Nazirliyinin indiyədək göstərdiyi davamlı dəstək xüsusi əhəmiyyət kəsb edir. Ümidvarıq ki, nazirlik ilə əməkdaşlıq çərçivəsində "Silk Road Tour"un Bakı mərhələsi ən yüksək standartlara uyğun şəkildə, yadda qalan və nümunəvi formada təşkil olunacaq. Federasiya bütün istiqamətlər üzrə kadr potensialının artırılması məsələsinə kompleksli şəkildə yanaşılır. İlk növbədə, mövcud məşqçilərin sertifikatlaşdırılması və lisenziyalaşdırılması proseslərinin həyata keçirilməsinə xüsusi önəm verilir. Bu proses federasiya üçün strateji əhəmiyyət daşıyır və onun bu il ərzində baş tutması planlaşdırılır. Nəticədə, valideynlər federasiyanın sertifikatlaşdırdığı məşqçilərə öz övladlarını etibarlı şəkildə həvalə etmək imkanı əldə edəcək və həmin məşqçilər idmançıları federasiyanın uyğun bildiyi sistemlə öyrədəcək. Əgər kadr məsələsinə federasiyanın ofis işçiləri kontekstində yanaşılarsa, qeyd etmək olar ki, hazırkı iş yükünə əsasən, federasiyada kifayət qədər əməkdaş mövcuddur. Federasiya onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif inkişaf proqramları üzərində çalışır. Əməkdaşların bilik və bacarıqlarının təkmilləşməsi üçün onların müxtəlif təlim və ixtisasartırma proqramlarına cəlb olunması nəzərdə tutulur. Ümumiyyətlə, federasiya Gənclər və İdman Nazirliyi, eləcə də Bədən Tərbiyəsi və İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində kadrların püxtələşməsi yönündə müəyyən birgə fəaliyyətin aparılmasını planlaşdırır".


Zəhra Möhübbətova

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər