00:00:00
Yazar
Güllər Gülhüseynova
24.09.2026 20:10 44 2 dəq oxuma
Sosial

“İnnovativ məktəb” layihəsi müəllim və şagird münasibətlərini necə dəyişəcək?

“İnnovativ məktəb” layihəsi müəllim və şagird münasibətlərini necə dəyişəcək?

“İnnovativ məktəb” layihəsi çərçivəsində 43 müəllimin təlimlərə cəlb olunması təhsil prosesində müasir yanaşmaların tətbiqi baxımından diqqət çəkir. Layihənin əsas məqsədlərindən biri müəllimlərin yeni təlim metodlarından istifadəsini genişləndirmək, şagirdlərin yaradıcı və tənqidi düşünmə, araşdırma və problem həll etmə bacarıqlarının inkişafına şərait yaratmaqdır. Bəs innovativ məktəb modeli təhsil prosesinə nə qazandıracaq və müəllim-şagird münasibətlərinə necə təsir göstərəcək?

 

Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasında bildirib ki, son illərdə məktəb mühiti tədricən daha yaradıcı atmosferə çevrilir və bu proses müəllimin rolunun da dəyişməsinə səbəb olur. Onun sözlərinə görə, əvvəlki müəllim modelindən fərqli olaraq, müasir müəllim daha çox fasilitator rolunda çıxış edir. 


“Fasilitator yalnız məlumat ötürmür, şagirdlə birlikdə yaradıcı mühit təşkil edir. İnnovativ təhsildə dərs artıq müəllimin tək idarəçiliyi ilə deyil, demokratik üslubda keçirilir. Yəni müəllim və şagird dərsi bir yerdə idarə edirlər”, -deyə ekspert bildirib. 


Afərim Seyidova əlavə edib ki, innovativ məktəb modelində layihə əsaslı öyrənməyə xüsusi yer verilir. Bu yanaşma şagirdlərin yaradıcı, məntiqi və tənqidi təfəkkürünün inkişafına, müxtəlif səriştə və kompetensiyalarının formalaşmasına xidmət edir:


“Şagirdlər artıq dərslərdə müəllimin müəyyən etdiyi, onların yaradıcı, məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirən layihələr üzərində işləməlidirlər. Eyni zamanda, şagirdin səriştəsinin, kompetensiyasının qiymətləndirilməsi üzərində qurulur. Problem həlli qoyulur və innovativ məktəb bu problemlərin həllinə yönəlməlidir”.

 

Ekspertin fikrincə, müasir təhsil modelində əsas məsələ yalnız müəllimin dərsi necə keçməsi deyil, şagirdin həmin dərsi necə mənimsəməsidir. Bu baxımdan müəllim öz fəaliyyətini şagirdin öyrənmə prosesinə uyğun qurmalı, onu araşdırmağa, layihələr üzərində işləməyə, komandada, qrupda, cütlükdə və fərdi şəkildə fəaliyyət göstərməyə istiqamətləndirməlidir:


“Əvvəllər müəllim şagirdlərdən soruşurdu ki, ‘Dərsi başa düşdünüzmü?’ İndi isə əsas sual budur: mən dərsi başa sala bilirəmmi? Şagird öyrənə bilirmi? Şagird hansı model üzərində bu dərsi mənimsəyir? İnnovativ məktəb məhz bunun üzərində qurulub”.


Onun sözlərinə görə, belə yanaşmada müəllim yalnız məlumat ötürən şəxs deyil, şagirdin inkişafına istiqamət verən mentor rolunu yerinə yetirir. Müəllimin əsas vəzifələrindən biri şagirdin hansı təfəkkür imkanlarını ortaya qoyduğunu müəyyənləşdirmək və onun inkişafına şərait yaratmaqdır. 43 müəllimin təlimlərə cəlb olunmasını başlanğıc mərhələsi kimi qiymətləndirən ekspert hesab edir ki, layihənin əsas nəticəsi əldə olunan bilik və bacarıqların praktikada tətbiqindən asılı olacaq:

 

“Əsas məsələ müəllimin mentorluq bacarığı, resurslardan və texniki imkanlardan düzgün istifadə etməsidir. Bütün bunlar layihənin nəticəsini göstərəcək. İnnovativ məktəb modeli gələcəkdə yalnız müəyyən məktəb və müəllimlərlə məhdudlaşmamalı, məktəb idarəçiliyi, müəllim-valideyn münasibətləri və məktəbdənkənar fəaliyyətlər də daxil olmaqla daha geniş şəkildə tətbiq edilməlidir”.

 

Fatimə Hüseynova

#necə #“i̇nnovativ #xəbər #məktəb”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər