İnsan alverinə qarşı mübarizə: maarifləndirmə və sosial dəstək
Ağcabədi, Bərdə və Ağdam Dövlət Peşə Təhsil Mərkəzlərində gənclərin hüquqi maarifləndirilməsi və insan alverinə qarşı mübarizə sahəsində məlumatlılığının artırılması məqsədilə maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Əsədov və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü Radə Qafarova çıxış ediblər.
Çıxışlar zamanı insan alverinin müxtəlif formaları, qurbanların müəyyənləşdirilməsi, məcburi əmək, aldadıcı iş təklifləri və digər təhlükələrdən qorunma yolları, eləcə də potensial qurbanlara ilkin yardım və dəstək xidmətləri barədə məlumat verilib. Eyni zamanda, insan alverinə qarşı mübarizənin yalnız təhlükələrin qarşısının alınması ilə məhdudlaşmadığı, qurbanların hüquqlarının qorunması, reabilitasiyası və cəmiyyətə reinteqrasiyasının da bu prosesin mühüm tərkib hissəsi olduğu vurğulanıb.
İnsan alveri ilə bağlı təhlükə və şübhəli hallarla qarşılaşdıqda müraciət edilə biləcək 152 – “Qaynar xətt” xidməti haqqında da iştirakçılara məlumat çatdırılıb.
Tədbirlərin sonunda mövzuya dair maarifləndirici film nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.






