İnsan niyə yalan danışar?
Psixoloqların araşdırmalarına görə, xroniki yalançılar yalnız “zərərsiz” şişirtmələrlə kifayətlənmirlər, onlar tez-tez özlərinə və ətrafdakılara real zərər verə bilən davranış modelləri nümayiş etdirirlər. Bu cür yalanlar zamanla insanın sosial münasibətlərini pozur, etibarın itməsinə, ailə və iş mühitində ciddi problemlərin yaranmasına səbəb olur.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “İnformator.az”a açıqlamasında bildirib ki, yalan əslində daxili boşluğun nəticəsidir:
“Patoloji yalanı daşıyan şəxslərin psixoloji portreti əslində daxildə özünü dəyərsiz hiss edən insanlardır. Bir insan ki, özünü daxildə dəyərsiz hiss edirsə, özünə inamı və güvəni yoxdursa, “mən olduğum kimi kifayətli deyiləm” düşüncəsində olursa, ətrafdakı insanlara daim özünü daha güclü, daha dəyərli göstərməyə çalışır. Yəni, kim olduğunu tam hiss edə bilmir. Daxildə baş verən yalanı səsləndirdiyi zaman bəzən özü də o yalana inanmağa başlayır. Özlərinə yönəlmiş tərifləri eşitmək ehtiyacındadırlar. Aşırı şəkildə rəğbət, gözəl sözlər eşitmək istəyirlər. Çox vaxt düşünmədən danışırlar. Ancaq bu o demək deyil ki, patoloji yalan danışan insanlar mütləq pis niyyətlidirlər. Bəzən özlərini qoruma mexanizmi olaraq bu davranışa əl atırlar. Psixoloji olaraq onlar özlərini çox tərifləyir, özləri haqqında çox pozitiv danışırlar və buna inanırlar. Başqalarını isə çox vaxt tənqid edirlər.
Xroniki yalançılıq ailə və sosial münasibətlərə ciddi zərər vurur. Etibar və güvən azalır. Ailə üzvləri və dostlar artıq həmin şəxsin sözlərinə inanmayaraq ondan uzaqlaşmağa başlayır. Doğru da desə, artıq şübhə ilə yanaşılır. Bu da zamanla münasibətlərin pozulmasına, emosional soyğunluğa, konfliktlərə, boşanmalara və təcrid olunmaya səbəb ola bilər
Belə davranışla qarşılaşdıqda insan qarşısındakını günahlandırmaq yerinə, öz duyğu və sərhədlərinə fokuslanmalıdır. “Keçən dəfə dediklərinlə bu dəfəki uyğun gəlmir, əminsənmi?” kimi suallarla qarşı tərəfə xəbərdarlıq etmək olar. Davranışa əsaslanaraq sərhəd qoymaq mümkündür. Məsələn, “sənin söylədiklərin çox vaxt üst-üstə düşmür, buna görə də ciddiyə almaqda çətinlik çəkirəm” deməklə sərhəd qoyula bilər. Hər kəs psixoloq deyil, qarşımızdakını dəyişmək bizim öhdəliyimiz deyil. Ancaq məsafə saxlamaq və duyğularımızı ifadə etmək haqqımızdır. Yalan, əslində, daxili boşluğun nəticəsidir. Bu boşluqları doldurmaq üçün insan özünə qarşı şəffaf olmalıdır”.
Aydan Əsgərxanlı
