İnsanlar gələcəyi düşünməkdən bu günü yaşaya bilmirlər
Günümüzdə sırf oğlan uşağı olsun deyə, selektiv aborta məcbur edilən qadınlar az deyil. Həmçinin oğlan və qız uşaqları arasında olan ayrıseçkilik keçmişdən gəlir. Bəs bu ayrıseçkiliyin hələ də davam etməsinin səbəbləri nələrdir?
Mövzunu informator.az-a psixoloq Əfsanə Rüstəmova şərh edib.
Psixoloq deyir ki, çoxalma 3 əsas instinktdən biridir və nəsil artırma yalnız oğul övladın yoluyla, yəni onun xətii ilə, onun soyadı ilə davam etdiyi üçün valideynlər mütləq ki, ailələrdə oğul övladının olmasını önəmsəyirlər.
"Əvvəllər bu, bu qədər çox deyildi. Çünki ailələrdə uşaq sayı çox idi və uşağın onsuzda biri və ya bir neçəsi oğlan olacaqdı deyə, yəni plansız şəkildə uşaq dünyaya gətirmək mümkün idi”.
Əfsanə Rüstəmova qeyd edir ki, müasir dövr artıq ailələri bir ən yaxşı halda 2 uşaq sahibi olmağa imkan verir.
"Belə olduğu təqdirdə isə artıq planlanmış hamiləliklər və planlanmamış hamiləliklərə daha sıx rast gəlmək olur. Əslində düşünürəm ki, selektiv abortun, yəni qız övladının olacağını biləndə hamiləliyin sonlandırılması məhz ailələrdə uşaq sayının azalmasından sonra bu qədər kəskinləşib və artıb. Əgər təbii axarda doğuş prosesləri və ailə planlanması davam etsəydi, hazırki rəqəmlərin olmama ehtimalı çox böyük idi”.
Psixoloq həmçinin qeyd edir ki, məhz şərq ölkələrində və elə məhz Azərbaycanda qız övladı əlavə yük, əlavə məsuliyyət, əlavə əxlaqi mental öhdəliklərin daşıyıcısıdır.
"Ona görə də valideynlər uzun müşahidələrdən sonra anlayır, başa düşür və bu məsuliyyətin onlar üçün çox da üstlənə bilər olduğunu anlamayanda qız övladlarını dünyaya gətirməkdən imtina edirlər. Qeyri-rasional izahlara gəldikdə isə, insanlar köhnə deyimlərdən yola çıxaraq, "kişinin oğlu olar", "bizim nəsli bəs kim davam etdirəcək", "atasının balasıdır" və s. kimi deyimlər kimi, oğlan uşağının məişət dəyərin qız uşağından yüksək görür. Bu əslində həm öhdəliklərdən və məsuliyyətlərdən qaçma anlamında, həm də oğlan övladının gətirəcəyi qazanc və ya ailəyə dəstəyi anlamında görülə bilər”.
Əfsanə Rüstəmova düşünür ki, insanlar gələcəyi düşünməkdən bu günü yaşaya bilmirlər.
"Gələcəkdə də nəsilləri davam etsin deyə dünyaya gətirəcəkləri və planladıqları oğlan uşaqları əslində onların bəlkə də hazırki vəziyyətini çətinləşdirir, ürəyi açmayan bir situasiya yaradır. Amma onlar gələcəyi qarantiyə almaq üçün bu günlərini əllərindən verirlər”.
Psixoloq deyir ki, ümumən insanların bu gün və indiki fokusla yox, gələcək fokusla yaşaması, həyatdan zövq almasına və xoşbəxtlik dərəcəsinin aşağı düşməsinə gətirib çıxarır.
"Bu isə daha çox maddi öhdəliklərin artması ilə əlaqədardır. İnsanlar günə fokuslana bilmirlər, onların zəruri məişət ehtiyacları belə qarşılanmadığı üçün, ya da çox az qarşılandığı üçün onlar məcburdurlar ki, mütləq sabahı və sabahdan sonrakı günləri düşünsünlər”.
Əfsanə Rüstəmova həmçinin qeyd edir ki, yəni əslində sosial rifah halı yüksək ölkələrdə selektiv abort daha az ehtimaldır.
"Çünki onların məişət qayğıları yoxdur və onların elə bir mental əsaslandırmaları yoxdur. Amma Azərbaycan hələ də inkişafda olan ölkə olduğu üçün onun bu cür övladlar arasında ayrıseçkilik edib mücadilə aparması hələ də yolveriləndir”.
Aynur Babayeva
