İnsanlarda anidən yaranan əsəb partlayışlarının psixoloji səbəbləri
Müasir dövrdə insanların gündəlik həyatda daha çox gərginliklə qarşılaşması ani əsəb partlayışlarının artmasına səbəb olur.
Mövzu ilə bağlı psixoloq Orxan Şərifzadə “İnformator.az”a bildirib ki, ani əsəb partlayışlarının əsasında beynin “mübarizə və qaçış” mexanizminin sürətlə aktivləşməsi dayanır:
“Bu zaman insan rasional düşünməkdən emosional reaksiyaya keçir. Qəzəb partlayışı zamanı beyin təhlükə siqnalı qəbul edir və düşünmə prosesini qısa müddətlik söndürərək emosional reaksiya mexanizmini işə salır. Əsas səbəblər kimi yığılmış stress və emosional gərginlik, duyğuları ifadə etməkdə çətinlik və içə atma, keçmiş travmalar və konfliktlər, həssas sinir sistemi və yüksək emosional yüklənmə, yuxu pozuntuları və fiziki yorğunluq, hormon balanssızlığı, həddindən artıq özünə tənqidi yanaşma və mükəmməllikçilik göstərilir. Bu reaksiyalar qısa müddətli olsa da, zamanında idarə olunmasa davranış modelinə çevrilə bilər”.
Psixoloq bildirir ki, əsəb artdığını hiss edən şəxs bir neçə sadə texnikayla reaksiyanı idarə edə bilər:
"3-6 nəfəs texnikası (3 saniyə burundan nəfəs alma, 6 saniyəyə ağızdan vermək - beyni sakitləşdirir), qısa fasilə vermək (situasiyadan 10-60 saniyəlik uzaqlaşmaq), əzələləri boşaltmaq (çiyin, çənə və əlləri rahatlatmaq), daxili dialoq aparmaq (“Bu hiss keçəcək”, “İndi reaksiya verməyə ehtiyac yoxdur” kimi neytral cümlələr), təxirə salmaq (sərt cavabdan əvvəl 2 dəqiqə gözləmək), yer dəyişdirmək (qısa gəzinti, su içmək və ya mühitin dəyişməsi). Ani əsəb partlayışlarının qarşısını almaq üçün gündəlik emosional gigiyenaya diqqət edilməlidir. Bunun üçün gündəlik stress boşaltma ritualları (10-15 dəqiqəlik meditasiya və ya sakit fəaliyyətlər), stabil yuxu rejimi, duyğuların konstruktiv ifadəsi, şəxsi sərhədlər qoymaq, özünə qarşı mərhəmətli olmaq, fiziki aktivlik (20-30 dəqiqəlik hərəkət) və psixoloji dəstək böyük rol oynayır. Ani əsəb partlayışları artıq gündəlik həyata təsir edirsə, vaxtında mütəxəssisə müraciət olunmalıdır. Bu hal vaxtında idarə edilmədikdə şəxsi münasibətlərə və psixoloji sağlamlığa ciddi zərər vura bilər”.
Fatimə Hüseynli
