00:00:00
Yazar
Zəhra Həsənova
12.06.2026 21:44 32 2 dəq oxuma
Sosial

SPF-dən kosmetoloji prosedurlara qədər: Yayda dəriyə düzgün qulluq

SPF-dən kosmetoloji prosedurlara qədər: Yayda dəriyə düzgün qulluq

Yay mövsümündə günəş şüalarının təsirinin artması ilə dəriyə qulluq məsələsi daha çox ön plana çıxır. Dəniz, hovuz və açıq havada daha çox vaxt keçirmək dərinin günəşə məruz qalmasını artırır ki, bu da yanıq, ləkə, quruluq və həssaslıq kimi problemlərə səbəb ola bilər. Bu səbəbdən SPF vasitələrinin düzgün istifadəsi, solariumun dəriyə təsiri, eləcə də yay aylarında hansı kosmetoloji prosedurların uyğun olub-olmaması diqqət edilən mövzulardan biridir. Bəs mütəxəssislər yayda dəriyə qulluqla bağlı insanlara nə tövsiyə edir?


Mövzu ilə bağlı dermatoloq Tünzalə Əzizli “İnformator.az”a açıqlamasında bildirib ki, "səhər SPF vurdum çıxdım" yanaşması düzgün deyil, çünki o, bizi bütün günü qorumur:

 

"SPF ( Sun Protection Factor ) kremlər mövzusu çox önəmlidir. İnsanların etdiyi ən böyük səhv SPF kremlərin yalnız yayda istifadə olunmalı olduğunu düşünməkdir. Amma bu belə deyil. İlin dörd fəslində, əgər günəş şüası varsa, mütləq bu kremlərdən istifadə olunmalıdır. Təbii ki, yayda buna xüsusilə diqqət yetirmək lazımdır. Ən çox səhvə yol verilən məqamlar SPF seçiminin düzgün aparılmaması və kremin sadəcə gündə bir dəfə çəkilməsidir. Ən önəmli nüans odur ki, SPF kremlər mütləq şəkildə hər iki-üç saatdan bir yenilənməlidir. "Səhər SPF vurdum çıxdım" yanaşması düzgün deyil, çünki o, bizi bütün günü qorumur. Həmçinin SPF-i təkcə üzə çəkmək də doğru deyil. Biz bununla yalnız üzümüzü yox, eyni zamanda əllərimizi, qollarımızı, sinə və dekolte nahiyəmizi də qorumalıyıq. Solariumun təsirinə gəldikdə isə, təbii ki, onun müəyyən riskləri var. Xüsusilə, dəri törəmələri olan insanlar bu baxımdan riskə getməməlidirlər. Çünki oradakı şüalanma dəri törəmələrinin qıcıqlanmasına səbəb ola bilər və gələcəkdə bədxassəli şişlərə çevrilmə ehtimalı yaradar. Buna diqqət yetirmək lazımdır. ​Yay fəslində dəriyə aqressiv təsir göstərən bir çox aparat prosedurlarına, məsələn fraksional lazer, dermapen və bu kimi digər müdaxilələrə icazə verilmir. Amma inyeksion prosedurlar, yəni dəriyə iynə vasitəsilə olunan mezoterapiya, biorevitalizasiya kimi qidalandırıcı baxımlar tətbiq oluna bilər".

 

Samirə Allahverdizadə

#kosmetoloji #prosedurlara #yeni #düzgün
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər