İNSANLARDA AQRESSİYANIN SƏBƏBİ NƏDİR?
Son zamanlar insanlarda aqressiya aydın şəkildə özüün büruzə verir. Bunun səbəbi nədir?
İnsanlarda yaranan aqressiyanın səbəbini klinik psixoloq Fuad Əsədov izah edib. Psixoloq bildirir ki, aqressiyanın arxasında başqa hisslər dayanır və daha sonra aqressiya adlandırdığımız qavrama çevrilir:
"Son zamanlarda insanlarda aqressiya çoxalıb, ya bizim gözümüzə çox görünməyə başlayıb? Bu, sual altında olan məsələdir. Fikrimcə, insanlar aqressiyalarını ifadə etmək üçün daha çox imkanlara sahibdirlər deyə bizim gözümüzə çox görsənir. Aqressiyanın olmağının səbəbi başqa hisslərdir. Tutaq ki, biz başqasından nə isə gözləyirik, hər-hansı bir hərəkəti etməyini gözləyirik. İstədiyimiz nəticəni vermədikdə məyus oluruq, məyusluq isə əsəbə, aqressiyaya çevrilir. Başqa tərəfdən baxsaq, hansısa sahədə uğurlu olacağımızı düşünürük, işimizin alınacağı ilə bağlı ümidli olmağa başlayırıq. Həmin iş alınmayanda isə biz xəyal qırıqlığı yaşayırıq, bunun özü də aqressiyaya dönüşür. Gözləmədiyimiz insandan gördüyümüz xəyanət öncə incikliyə, sonra aqressiyaya səbəb olur. İzah etmək istədiyim odur ki, aqressiya və əsəb ikinci hissdir. Biz, əslində, aqressiyanı həll etmədən öncə ona səbəb olan başqa bir səbəbi həll etməliyik".
Ekspert hesab edir ki, insanın gözləntiləri rasional və real olarsa, o daha az məyus olar:
"Bəzi insanlar düşünür ki, aqressiv davransa, müəyyən məqsədinə nail olacaq. Bu məqsədə çatmaq üçün mədəni yol olmasa da, istəyə çatmaq üçün işə yarayır. Düşünürəm ki, insanlar nəyisə həll etmək üçün, nəyəsə nail olmaq üçün çıxış yolunu aqressiyada görməli deyil".
Fuad Əsədov bunun həllini maarifləndirmədə, kitab oxumaqda, məktəb yaşından alınmış doğru tərbiyədə, yöndə görür. Psixoloq məsləhət görür ki, insanlar aqressiyanın faydasız olduğunu anlasınlar. Həmsöhbətimiz tıxacdan nümunə gətirdi ki, tıxac zamanı sürücünün aqressiya ilə siqnala basması, qışqırması tıxacı həll etmir, əksinə, insan əsəbləşərək özünə ziyan verir. İnsan özünə qarşı mərhəmətli olmaq üçün aqressiyadan uzaq qalmalıdır.
Çinarə Muradova
