İnternetdən düzgün istifadə edirikmi?
Azərbaycan Respublikası prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə iyulun 20-də Gəncədə “Ailə problemlərində sosial şəbəkələrin rolunun tədqiqi” adlı seminar keçirilib.
İnformator.az xəbər verir ki, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən keçirilən seminarda bu gün günümüzün ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələrin ailədaxili münasibətlərə təsiri müzakirə edilib.
İctimai Birliyin sədri Bəsti Nəsibova bildirib ki, biz istəsək də, istəməsək də sosial şəbəkələr həyatımıza nüfuz edib.
“İnternet ilk öncə yarananda əyləncə vasitəsi kimi deyil, informasiya əldə etmək üçün nəzərdə tutulmuşdu. Lakin zaman keçdikcə o öz formasını dəyişməyə və müxtəlif məcralara yönəlməyə başladı. Bu gün sosial şəbəkələr internetdən istifadə edənlər arasında xüsusi yer tutur. Sosial şəbəkələrin istifadəsi isə nəinki insanlara, hətta ölkələrə görə dəyişir. Bir çox ölkələrdə internet professional səviyyədə istifadə olunur. İnternetdə şəxsi veb səhifələr yaratmaq, dünya ədəbiyyatı ilə tanış olmaq, ən son elmi biliklərlə bağlı məlumat almaq mümkündür. İstifadəçiləri internetdən düzgün istifadəyə yönləndirmək üçün hər birimiz maarifləndirmə aparmalıyıq”, - B. Nəsibova qeyd edib.
Daha sonra çıxış edən Kəlbəcər rayon 1 saylı orta məktəbin müəllimi İsmət Edilxanov bildirib ki, Azərbaycanda internet 2000-ci ildən etibarən geniş vüsət almağa başlayıb: “Bu gün orta məktəb şagirdlərinin bir çoxunda mobil telefon var. Onların demək olar ki, yarısından çoxu internetdən əyləncə məqsədi ilə istifadə edir. Məlumat əldə etmək, kitab oxumaq üçün internetdən istifadə edənlərin sayı barmaqla göstəriləcək qədərdir. Sosial şəbəbkələr isə bu sahədə xüsusi yer tutur. Şagirdlər dərsdən çox sosial şəbəkədə gördüyü videonu, şəkli müzakirə etməyi daha çox sevir. Məktəblilərin internetdən istifadəsini məhdudlaşdırmaq, onları elm sahəsinə yönəltmək biz müəllimlərlə yanaşı, valideynlərin də üzərinə düşən məsuliyyətdir. İnternetdən düzgün istifadə ailədaxili problemlərin də yaranmasının qarşısını ala bilər.”
Seminar gənclərin müzakirəsi ilə davam edib. Gəncə Dövlət Universitetinin tələbəsi Səmayə Verdiyeva ondan öncə çıxış edənlərin fikirləri ilə razı olmadığını bildirib. Onun sözlərinə görə, bir çox tələbə sosial şəbəkələrdən sadəcə əyləncə üçün deyil, kitab oxumaq, məlumat əldə etmək üçün istifadə edir. “Kitab guşələri var, bundan başqa ən son elmi məlumatları əldə etmək üçün internet əvəzsizdir.”
Gəncə şəhər icra hakimiyyətinin nümayəndəsi Gülnar Rzayeva isə bildirib ki, internetdən düzgün istifadə ailədaxili problemlərin qarşısını ala bilər: “Biz insanları internetdən düzgün istiqamətdə istifadəyə təşviq edə bilərik. Bu zaman onların həm məlumatlı olmasına, həm də problemlərin ortaya çıxmasının qarşısını ala bilərik.”
Seminar mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.





