00:00:00
Yazar
Ayan Sadi
16.09.2026 22:50 45 2 dəq oxuma
Sosial

İnvaziv kardioloji xidmətlər daha əlçatan olub: İcbari tibbi sığorta müalicə imkanlarını genişləndirib

İnvaziv kardioloji xidmətlər daha əlçatan olub: İcbari tibbi sığorta müalicə imkanlarını genişləndirib

 

 

 

Azərbaycanda ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsində invaziv kardiologiyanın tətbiqi mühüm istiqamətlərdən biri hesab olunur. İcbari tibbi sığorta sisteminin tətbiqi ilə bu xidmətlərdən istifadə imkanlarının genişlənməsi vətəndaşların vaxtında müayinə və müalicəyə cəlb olunmasına şərait yaradıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Rasif Bağırov bildirib ki, Azərbaycanda invaziv kardiologiyanın inkişafı və icbari tibbi sığortanın bu sahəyə təsiri xüsusi əhəmiyyət daşıyır.

 

“Bu gün Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin müalicəsini invaziv kardiologiyasız təsəvvür etmək çox çətindir. Əvvəlki dövrlərlə müqayisədə ölüm hallarının sayı kifayət qədər azalıb. Əvvəllər imkansızlıq və ya məhdud şərait nəticəsində yaranan çətinliklər artıq geridə qalıb. İndi prosedurlar açıq və müasir üsullarla həyata keçirilir, maneələr qısa müddətdə aradan qaldırılır və xəstələr bir neçə gün ərzində tam sağalaraq evə yazılırlar”.

 

Rasif Bağırovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi invaziv kardioloji xidmətlərə çıxışı cəmiyyətin müxtəlif təbəqələri üçün genişləndirib. Onun fikrincə, bu imkanlar insanların yalnız xəstəlik yarandıqdan sonra deyil, profilaktik məqsədlərlə də tibbi xidmətlərə vaxtında müraciət etməsinə şərait yaradıb.

 

“İcbari tibbi sığortanın meydana girməsi cəmiyyətin bütün təbəqələrinin invaziv kardioloji xidmətlərə əlçatanlığını təmin edib. İnsanlar artıq profilaktik məsələlərlə bağlı da vaxtında müraciət edirlər. Ölkəmizdə kifayət qədər peşəkar mütəxəssis bazası var və Azərbaycan səhiyyəsi gələcəkdə olacaq bütün yenilikləri tətbiq etməyə tam hazırdır”, - deyə səhiyyə eksperti qeyd edib.

 

Ekspertin fikrincə, invaziv kardiologiyada müasir tibbi yanaşmaların tətbiqi və xidmətlərin daha əlçatan olması ürək-damar xəstəliklərinin vaxtında aşkarlanması və müalicəsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə yaradılan tibbi imkanlar əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.

 

Süsən Mərdalıqızı

#xidmətlər #əlçatan #gündəm #genişləndirib #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər