00:00:00
Yazar
Nərmin Həşimova
28.05.2026 22:31 29 2 dəq oxuma
Sosial

İqlim dəyişikliyi Azərbaycana necə təsir edir?- AÇIQLAMA

İqlim dəyişikliyi Azərbaycana necə təsir edir?- AÇIQLAMA

Son illərdə dünyada müşahidə olunan iqlim dəyişiklikləri artıq Azərbaycanda da öz təsirini açıq şəkildə göstərməyə başlayıb. Xüsusilə, kənd təsərrüfatı, su təminatı və insanların gündəlik həyatı bu dəyişikliklərdən daha çox zərər görən sahələr sırasındadır. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi gələcək illərdə daha ciddi problemlərə səbəb ola bilər və bunun qarşısını almaq üçün həm dövlət, həm də cəmiyyət səviyyəsində tədbirlərin görülməsi vacibdir.


Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki,  iqlim dəyişikliklərinin Azərbaycana təsirləri artıq son 20-30 ildə açıq şəkildə müşahidə olunur:


“Bu təsirlər ilk növbədə havanın orta temperaturunun artması və bunun fonunda atmosfer yağıntılarının azalması ilə özünü göstərir. Paralel olaraq ekstremal təbiət hadisələrinin sayı da artır. Uzunmüddətli quraqlıqlar leysan xarakterli intensiv yağışlarla əvəz olunur ki, bu da iqlim dəyişikliklərinin əsas təzahürlərindən biridir. Bundan əlavə, şəhər ərazilərində istilik dalğalarının güclənməsi müşahidə edilir və bu da temperatur artımı ilə birbaşa bağlıdır. İqlim dəyişiklikləri Azərbaycanda bir sıra neqativ nəticələrə səbəb olur. İlk növbədə, ölkənin su ehtiyatlarına ciddi təsir göstərib. Son illərdə su ehtiyatlarının təxminən 15-20 faiz azalması müşahidə olunur. Bununla yanaşı, su ehtiyatlarının il ərzində paylanmasında da ciddi fərqlər yaranıb. Yay aylarında daha quraq dövrlər və su çatışmazlığı müşahidə edilir, qış aylarında isə daşqınların sayı artır. Bu dəyişikliklər kənd təsərrüfatına da mənfi təsir göstərir. Su çatışmazlığı əsas kənd təsərrüfatı məhsullarının istehsalının azalmasına səbəb olur. Xüsusilə, suvarma əkinçiliyi bundan ciddi zərər görür. Eyni zamanda, yağıntıların azalması yay və qış otlaqlarının məhsuldarlığını aşağı salır, bu da heyvandarlığa mənfi təsir edir. Ekstremal hava hadisələri - dolu, qara yel, güclü küləklər və sellər kənd təsərrüfatına ciddi ziyan vurur. Dolu dənli bitkilərin məhsuldarlığını azaldır, sellər isə əkin sahələrinin su altında qalmasına səbəb olur. Meşələrdə də ciddi problemlər müşahidə edilir. Yağıntıların azalması nəticəsində ağaclarda quruma baş verir və bu da yanğın riskini artırır. Son illərdə meşə yanğınlarının tezliyinin artması da bunun nəticəsidir. Bütün bu problemlərin həlli beynəlxalq əməkdaşlıqdan və iqlim siyasətindən keçir. Ölkələr “Paris Sazişi” çərçivəsində atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində öhdəliklər götürüblər. Bununla yanaşı, hər bir ölkə iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün milli adaptasiya proqramları və strategiyalar hazırlayır. Bu proqramların əsas məqsədi kənd təsərrüfatının məhsuldarlığını qorumaq, su ehtiyatlarından səmərəli istifadə etmək və ekstremal hava hadisələrinin vurduğu zərərləri minimuma endirməkdir”.


Cavahir Əsgərbəyli

#Azərbaycan #iqlim #təsir #dəyişiklik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər