00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
11.09.2026 23:06 49 2 dəq oxuma
Sosial

İqlim dəyişkənliyi şəhərləri necə dəyişəcək? 

İqlim dəyişkənliyi şəhərləri necə dəyişəcək?

 

İqlim dəyişmələri şəhərlərin ekoloji vəziyyətinə və insanların gündəlik həyatına ciddi təsir göstərir. Şəhərlərdə nəqliyyat və sənaye fəaliyyəti istixana qazlarının artmasına səbəb olmaqla yanaşı, temperaturun yüksəlməsi və istilik dalğaları kimi iqlim dəyişmələrinin nəticələri də şəhər mühitində daha qabarıq hiss olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açqılamasında ekoloq Rövşən Abbasov bildirib ki,şəhərlər və iqlim dəyişmələri kontekstində iki əsas istiqamətdən danışmaq olar. 
 

“Birincisi, şəhərlərin iqlim dəyişmələrinə təsiridir. Zavodlar, sənaye müəssisələri və nəqliyyat vasitələrinin böyük hissəsi şəhərlərdə yerləşdiyindən burada atmosferə atılan istixana qazlarının miqdarı digər ərazilərlə müqayisədə daha çoxdur.Əksər avtomobillərin benzin, qaz və dizel kimi yanacaqlardan istifadə etməsi həm atmosferin çirklənməsinə, həm də istixana qazlarının artmasına səbəb olur. Bu qazlar istixana effektini gücləndirərək temperaturun yüksəlməsinə və iqlim dəyişmələrinə təsir göstərir”.


Ekoloq qeyd edib ki,buna görə də şəhərlərdə nəqliyyat sisteminin təkmilləşdirilməsi vacibdir. 
 

Xüsusilə köhnə nəqliyyat vasitələrinin istifadəsinin azaldılması, ictimai nəqliyyatın gücləndirilməsi və onun daha sürətli və əlçatan olması üçün tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.Bakının timsalında bunu aydın şəkildə görmək mümkündür. İnsanlar şəxsi avtomobillərdən daha çox istifadə etməyə üstünlük verirlər, çünki bu, onlar üçün daha rahatdır. Lakin hər bir şəxsi avtomobil istixana qazı emissiyalarının mənbəyidir. İctimai nəqliyyat, xüsusilə metro və avtobus sistemi daha əlverişli və effektiv qurularsa, insanların şəxsi avtomobillərdən istifadəsi azala bilər. Bu isə həm ictimai nəqliyyatdan istifadəni artırar, həm də atmosferə atılan çirkləndiricilərin və istixana qazlarının miqdarını azaldar.


Rövşən Abbasovun sözlərinə görə,Digər mühüm istiqamət elektrik nəqliyyatına keçiddir. 
 

Ölkəmizdə bu sahədə müəyyən addımlar artıq atılıb. Elektrik və hibrid avtomobillərin gömrük rüsumlarından azad edilməsi də bu istiqamətdə görülən tədbirlərdəndir. Lakin elektrik nəqliyyatının inkişafı üçün əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

 

Digər tərəfdən, iqlim dəyişmələrinin şəhərlərə təsiri də ciddi məsələdir. Şəhərlər milyonlarla insanın yaşadığı məkanlar olduğundan temperaturun artması və istilik dalğalarının daha tez-tez müşahidə olunması şəhər həyatını çətinləşdirir. Xüsusilə ürək-damar və digər xroniki xəstəlikləri olan insanlar üçün yüksək temperatur daha ciddi risklər yarada bilər.

 

Ona görə də şəhərlərdə iqlim dəyişmələrinə uyğunlaşma, yəni adaptasiya tədbirlərinin həyata keçirilməsi vacibdir. Yaşıllıq sahələrinin, park və bağların artırılması, piyada səkilərinin genişləndirilməsi, şəhər mühitində insanların rahatlığına uyğun yeni və müasir yaşayış məkanlarının yaradılması bu istiqamətdə görülməli əsas tədbirlərdəndir.


Nurgün Qənizadə

#yeni #i̇qlim #dəyişəcək? #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər