“İqtisadiyyatın neftdən asılılığı daha dərindir”
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, neft-qaz sektoru müvəqqətidir, ona görə də biz qeyri-neft-qaz sektorunun inkişafına yönəlməliyik:
"Hazırda qeyri-neft-qaz sektoru adam başına düşən əməyin məhsuldarlığı, ÜDM- yə görə Ermənistan və Gürcüstandan çox aşağıdır. Bu səbəbdən qeyri-neft-qaz sektorunun payının artması lazımdır, amma bizdə qeyri-neft-qaz sektorunda böyük bir hissəsi neft sektorundan gələn gəlirlərin, onların dövlət büdcəsinə transferi, insanların da həmin sektorda çalışması və xərcləməsi multiplikasiya effekti sayəsində yaranır. Bu baxımdan iqtisadiyyatın neftdən asılılığı daha dərindir, təkcə qeyri-neft-qaz sektorunun faizlərinin müqayisəsi deyil, bundan daha da dərindir. Neft-qaz sektoru qeyri-neft-qaz sektorundan multiplikasiyadan yararlanmır. Bizim neft-qaz sektoru həmin faizlərlə göstərildiyindən bizim üçün daha təhlükəli və risklidir, ölkənin gələcəyi üçün inkişaf etdirilməlidir. Neft sektorundan asılılığın azalsa biz nisbətən daha az transfer görərdik. Hazırda bu da güclü olaraq baş verib”.
Həmçinin şərhçi qeyd edib ki, ilk növbədə dövlət xərclərini 2 yerə bölmək olar:
“Kapital xərclər, yəni bu əsaslı yatırımlar, investisiyalar və cari xərclər. Cari xərclərdə neftin payı olmamalıdı, amma ölkəmizdə var, lakin bu il faiz etibarı ilə nisbətən azalıb. Bizdə müəyyən qlobal iqtisadi yavaşlama var. Əvvəldən daha ağıllı iqtisadi sistem qurulsaydı belə olmazdı. Bizdə həmçinin regional geosiyasi risklər var idi. Hazırda Ermənistan ilə münaqişə nisbətən azalıb, amma regional geosiyasi risklərin olması regionda bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Məsələn, Rusiya və Ukrayna arasında olan münaqişədə iqtisadiyyata mənfi təsir göstərir. Bunlar təbii ki, xarici təsirlərdir. Daxili təsirlər isə qeyri-neft-qaz sektoruna düzgün yanaşılmaması, ölkədə düzgün investisiya siyasətinin olmamasıdır. Bu il həqiqətən iqtisadi investisiya aktivliyi zəifləyib. Kapital qoyuluşu yavaşlıyıb, bu da istehsal gücündə artımı zəiflədir və istehlak xərcləri də azalır. Bu da daxili iqtisadiyyatın kiçilməsinə səbəb olur. Kiçik, orta sahibkarlığın inkişafında çoxlu inzibati problemlər var. Bəzi qurumlar onlara maneə yaradır. Bu da təbii ki, iqtisadi inkişafı geri atır".
Günel Əlili
