00:00:00
Yazar
Admin User
05.02.2026 16:22 35 2 dəq oxuma
Dünya

İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib

İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib

İran ABŞ ilə nüvə danışıqlarının təxirə salındığına dair yayılan xəbərləri təkzib edib. İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, danışıqlar fevralın 6-da Maskatda planlaşdırıldığı kimi keçiriləcək və bütün lazımi hazırlıqlar görülüb. Daha əvvəl “Axios” portalı danışıqların ləğv olunduğunu xəbər verib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ və İran arasında nüvə danışıqlarının plan üzrə davam etməsi regional və qlobal təhlükəsizlik baxımından kritik əhəmiyyət daşıyır:

 

"Bir tərəfdən, bu proses Yaxın Şərqdə artıq yüksək olan hərbi-siyasi gərginliyin nəzarətsiz eskalasiyasının qarşısını alan yeganə diplomatik kanallardan biridir. Digər tərəfdən isə nüvə proqramı ətrafında şəffaflığın və nəzarət mexanizmlərinin saxlanılması təkcə region ölkələri üçün deyil, həm də qlobal silahların yayılmaması rejimi baxımından fundamental əhəmiyyət kəsb edir. Xüsusilə son aylarda ABŞ-İran qarşıdurması fonunda hərbi ritorikanın güclənməsi, Hörmüz boğazı və enerji bazarları ilə bağlı risklərin artması danışıqların davamlılığını daha da vacib edir. Bu mənada, danışıqların fevralın 6-da Maskatda baş tutacağına dair Abbas Əraqçinin açıqlaması diplomatik xəttin hələ də açıq saxlanıldığını göstərən mühüm siqnaldır. Danışıqların məkanı ilə bağlı müzakirələr isə İranın diplomatik mövqeyində incə, lakin prinsipial mesajlar ehtiva edir. Tehran üçün danışıqların üçüncü, neytral ölkədə keçirilməsi həm təhlükəsizlik zəmanəti, həm də siyasi balans alətidir və bu baxımdan Omanın rolu xüsusi əhəmiyyət daşıyır. Maskat uzun illərdir ki, ABŞ-İran arasında səssiz diplomatiyanın əsas platformalarından biri kimi çıxış edir və tərəflər arasında etimad körpüsü funksiyasını yerinə yetirir. Eyni zamanda, əvvəlcə danışıqların ləğvi barədə məlumat yayan “Axios” kimi mənbələrin ortaya çıxması informasiya müharibəsinin də bu prosesin ayrılmaz hissəsi olduğunu göstərir. Məhz bu şəraitdə vasitəçi ölkələrin, xüsusilə də Oman kimi aktorların sabit, səbirli və pərdəarxası diplomatiyası danışıqların real nəticə vermə ehtimalını artıran əsas amillərdən biri olaraq qalır".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər