İran ABŞ ilə həqiqi dialoqa hazırdır
ABŞ-nin danışıqlara hazır olması Tehran tərəfindən də qarşılanır. İran Məclisinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, İran ABŞ administrasiyası ilə həqiqi dialoqa açıqdır.
Məsələ ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İran və ABŞ arasında danışıqları cəsarətli və obyektiv koordinasiya edən ölkə lazımdır:
“Bu rolda Türkiyə ola bilər. Amma ötən günlərdə İranın Türkiyədə casus şəbəkəsi tutuldu. Doğrudur, strateji maraqları naminə Türkiyə bunu da kənara qoyub İran məsələsində soyuqqanlı davranır. Lakin İran ipə-sapa yatmır və uşaq çılğınlığı göstərir. Bu da hakimiyyətin artıq dinamik manevr imkanlarının məhdud olduğunu göstərir. Fundamentalistlər, yəni alovlu inqilab tərəfdarları, bütün İran xalqını qırğına vermək bahasına olsa da, geri çəkilməməyi önə sürürlər. Mühafizəkarlar da bu mövqedə olsalar da hələ ki, nisbətən manevr imkanlarına malikdirlər. İslahatçı qanad olan Prezidentin tərəfdarları isə məhdud imkanlara və təsirə malikdir. Odur ki, İranda üçlü hakimiyyət qütbü mövcuddur. Xalqın narazılığı isə bu qrupların hamısına yönəlib. Güney əhalisi belə Pezeşkiyanın adını etiraz şüarlarında çəkmədi. Demək, sistemin mənsublarına eyni gözlə baxırlar. Hazırda Qalibafın çağırışları səmimi görünmür. Sözkəsənlik xarakteri daşıyır, ona görə də ciddiyə alınmayacaq. Çünki rejim daxilindəki üç əsas qütbün vahid mövqeyi bu deyil. Sabah bir başqası da tam fərqli bəyanat verə bilər. Rejim artıq özünü, birliyini qorumaqda çətinlik çəkir. Müxalif qrup ali dini liderin istefası barədə komissiya yaratmaq istəyib, təzyiq edərək dağıdıblar”.
Ekspert həmçinin bunu da qeyd edib ki, ABŞ və İranın danışıqları baş tutsa belə, keçmiş Oman danışıqlarının mahiyyətindən o yana keçməyəcək:
“ABŞ artıq qərarlı görünür. Həmçinin İran da irəli sürülən şərtlərə yaxın durmur. Müxtəlif vaxtlarda razılaşmış kimi görünsə də, sonra imtina edib. Ona görə ABŞ İrana daha etibar etmir. Əsas da hərbi müdaxiləni şərtləndirən son etirazlardakı çoxsaylı insan tələfatıdır. Beynəlxalq aləm də bu mənada İrana qarşıdır. ABŞ administrasiyasının Qalibafın çağırışına məhəl qoyacağı real görünmür. Rusiya və Çinin İrana dəstəyi davam edir. Amma Rusiya İranı tam sonadək müdafiə etməyə bilər. Çünki hazırda Ukrayna məsələsində ABŞ, Avropa İttifaqı da daxil olmaqla, böyük qüvvələr tərəfindən təzyiq altındadır. Çin isə əsasən kəşfiyyat sahəsində və silahla İrana kömək edəcək. Əgər İranla dialoq baş tutarsa, bu regionda yalnız gərginliyi azalda bilər, o da müvəqqəti. ABŞ İranın nüvə enerjisindən, uzaqmənzilli raketlərin istehsalından imtina etməsini və proksi qüvvələrə yardımı dayandırmasını konkret tələb kimi qoyub. İran da bilir ki, onun üçün buna əməl etmək intihar deməkdir. Proksi qüvvələr dərhal İsrail tərəfindən sıradan çıxarılıb, İran təklənəcək, nüvə təhdidi ehtimalı da minimuma enəcək və raketləri ilə də ABŞ bazalarını vura bilməyəcək”.
“Belə olduğu halda da ABŞ və İsrail əhalini yenidən ayağa qaldıracaq və rejim çökəcək. İran bu baxımdan ABŞ-nin şərtlərini rədd edir. Lakin Türkiyə kimi hər iki tərəfin də etimad etdiyi güc tərəfindən İrana qarant durula bilər. Buna da ABŞ-nin razı olacağı sual altındadır. Artıq Almaniya və Britaniya siyasiləri hücuma hətta günlər qaldığını elan edirlər. Buradan görünür ki, danışıqlar mövzusu başlanıb”,- deyə o, fikirlərini yekunlaşdırıb.
Güllər Gülhüseynova
