“İran-ABŞ memorandumu regionda yeni siyasi mühit formalaşdıra bilər” - ŞƏRH
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə əldə olunan memorandumun bütün müddəaları tam və düzgün icra edilərsə, regionda yeni siyasi və təhlükəsizlik mühiti formalaşa bilər.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında qeyd edib ki, İran və ABŞ arasında müzakirə olunan sənəd əsasən təhlükəsizlik, nüvə proqramı, sanksiyalar və regional sabitlik məsələlərini əhatə edir:
“Hazırda tərəflər arasında nüvə fəaliyyətlərinin məhdudlaşdırılması, sanksiyaların mərhələli şəkildə yumşaldılması, dondurulmuş maliyyə aktivlərinin qaytarılması və xüsusilə Hörmüz boğazı ilə bağlı təhlükəsizlik mexanizmləri əsas müzakirə mövzusudur. Bu sənəd həm iqtisadi, həm də siyasi baxımdan qarşılıqlı öhdəlikləri nəzərdə tutur”.
Politoloqun sözlərinə görə, memorandumun icrası regionda mövcud gərginliyin azalmasına təsir göstərə bilər:
“Əgər tərəflər üzərlərinə götürdükləri öhdəlikləri icra edərsə, bu, Yaxın Şərqdə gərginliyin yumşalmasına və yeni diplomatik mərhələnin başlanmasına gətirib çıxara bilər. Xüsusilə Körfəz bölgəsində enerji təhlükəsizliyi və ticarət marşrutlarının sabitliyi baxımından bu sənədin böyük əhəmiyyəti var.60 günlük danışıqlar prosesi yekun razılaşmanın taleyi baxımından həlledici olacaq.Bu müddət ərzində tərəflər konkret mexanizmləri razılaşdırmağa çalışacaqlar. Əgər icra planı real şəkildə işləyərsə, bu, təkcə İran–ABŞ münasibətlərində deyil, ümumilikdə regionun siyasi xəritəsində də yumşalma yarada bilər. Lakin prosesin həssaslığı nəzərə alınsa, hər hansı gecikmə və ya razılaşmalara əməl olunmaması gərginliyi yenidən artıra bilər”.
Ayşə Müzəfərli