00:00:00
Yazar
Ayşən Səlimova
26.03.2026 19:55 119 2 dəq oxuma
Dünya

İran-ABŞ qarşıdurması yeni, daha sərt mərhələyə keçir

İran-ABŞ qarşıdurması yeni, daha sərt mərhələyə keçir

İran ABŞ-nin münaqişəyə son qoymaqla bağlı təklifini rədd edib və müharibənin yalnız Tehranın müəyyən etdiyi şərtlərlə bitə biləcəyini bəyan edib. Rəsmi qeyd edib ki, atəşkəs yalnız ABŞ və İsrail hücumlarının dayandırılması və təhlükəsizlik təminatlarının verilməsi halında mümkün olacaq. ABŞ-nin planında isə İranın nüvə proqramının məhdudlaşdırılması və bunun müqabilində sanksiyaların ləğvi nəzərdə tutulur.

 

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az” saytına açıqlamasında bildirib ki, müharibə niyə baş verdiyinə dair suallar yarada bilər:

 

“İranın ABŞ-nin təklifini rədd etməsi, münasibətlərdə yeni mərhələnin başlanğıcından çox, mövcud gərginliyin daha açıq və sərt fazaya keçməsi kimi qiymətləndirilir. Çünki ABŞ-nin tələbləri müharibə öncəsi danışıqlar prossesində masada olan tələblərdən fərqlənmir. Yəni, İranın bu təklifləri qəbul etməsi, o zaman müharibə niyə baş verdiyinə dair suallar yarada bilər. Ona görə də İran sərt mövqe tutmağa məhkum vəizyyətdədir. İranın açıqlaması göstərir ki, Tehran müdafiə mövqeyindən daha çox şərt qoyan tərəf roluna keçməyə çalışır və bu da diplomatik balansı dəyişmək cəhdidir. Bu baxımdan, gərginliyin artma ehtimalı yüksəkdir. Tehran vasitəsilə irəli sürülən şərtlər, hücumların dayandırılması və təhlükəsizlik təminatlarının verilməsi, prinsip etibarilə klassik danışıqlar mövqeyi kimi görünə bilər, lakin onların praktik reallaşması kifayət qədər mürəkkəbdir. İran üçün əsas məsələ rejim təhlükəsizliyi və xarici müdaxilənin qarşısının alınmasıdır. Buna qarşı ABŞ-nin əsas tələbi Nüvə proqramı üzərində ciddi məhdudiyyətlərin tətbiqidir. Bu isə tərəflərin “təhlükəsizlik” anlayışına fərqli yanaşdığını göstərir: Tehran üçün təhlükəsizlik hərbi təhdidlərin aradan qaldırılmasıdırsa, Vaşinqton üçün bu, İranın potensial nüvə gücünün məhdudlaşdırılmasıdır. Bu ziddiyyətlər səbəbindən İranın şərtləri maksimalist mövqe kimi görünür və ilkin mərhələdə birbaşa razılaşma üçün deyil, danışıqlarda üstünlük qazanmaq üçün irəli sürülmüş ola bilər. Mövcud şəraitdə diplomatik həll yolları tamamilə istisna olunmur, lakin onların reallaşması getdikcə daha çətin görünür. Tarixi təcrübə göstərir ki, tərəflər ən gərgin mərhələlərdə belə dolayı kanallar vasitəsilə dialoqu davam etdirirlər. Bu baxımdan, vasitəçilər- məsələn, regional oyunçular və ya neytral dövlətlər-gələcəkdə müəyyən rol oynaya bilər. Bununla belə, qarşılıqlı etimadın aşağı səviyyədə olması və tərəflərin daxili siyasi gündəlikləri kompromis imkanlarını məhdudlaşdırır. Xüsusilə, ABŞ-də daxili siyasi dinamika və İranda sərt xətt tərəfdarlarının, yəni SEPAH-ın təsiri qərarverməni daha da çətinləşdirir. Digər tərəfdən, hərbi eskalasiyanın artma riski də real olaraq qalır. Odur ki, hazırkı vəziyyət nə tam diplomatik çıxılmazlıq, nə də daha amansız müharibə mərhələsi kimi qiymətləndirilməlidir. Hələ bir müddət də kəskin ritorika və gərginliyin artmasına şahidlik edəcəyik”.

 

Aydan Əsgərxanlı

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər