İran ABŞ-yə mümkün hücuma hazırlaşır? – Politoloqdan diqqətçəkən açıqlama
İranın ABŞ-yə mümkün hücuma hazırlaşdığı ilə bağlı iddialar gündəmə gəlib. ABŞ və İran arasında artan gərginlik fonunda Tehranın hərbi hazırlıqları və Vaşinqtonun mümkün cavab addımları diqqət çəkir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, İranın siyasi və hərbi rəhbərliyi ABŞ-nin aqressiv siyasətini davam etdirməsi halında hərbi konsepsiyasını dəyişə və müdafiədən hücum taktikasına keçə bilər:
"ABŞ-nin İrana qarşı səsləndirdiyi təhdidlər İran cəmiyyətində ciddi narazılıq yaradır. O qeyd edib ki, Vaşinqtonun İranı hərbi müdaxilə ilə hədələməsi və sərt açıqlamalar verməsi Tehranı mövqeyini yenidən nəzərdən keçirməyə vadar edir".
Tofiq Abbasov vurğulayıb ki, İran ABŞ-nin Yaxın Şərqdən, daha doğrusu, Qərbi Asiyadan çıxmasını istəyir. Onun sözlərinə görə, regiondakı proseslərin yerli dövlətlər tərəfindən həll edilməsini tələb edən Tehran bu istiqamətdə müəyyən addımların atıldığını düşünür.
Ekspert bildirib ki, İranın hücum ehtimalını nəzərdən keçirməsi onun hərbi imkanlarını və raket arsenalını da gündəmə gətirir. O, İranın yeni “Rəstaxiz” adlı raketindən danışaraq, bu silahın hələ istifadə olunmadığını və onun böyük dağıdıcı gücə malik olduğu barədə məlumatların yayıldığını qeyd edib.
Politoloqun fikrincə, ABŞ və İran arasında qarşılıqlı sərt mövqelər eskalasiyanın yeni mərhələyə keçməsi ehtimalını artırır. O bildirib ki, Vaşinqtonun İranla bağlı mövqeyi kompromisdən daha çox təzyiq siyasətinə əsaslanır.
Tofiq Abbasov əlavə edib ki, İran da öz növbəsində sərt mövqe nümayiş etdirir və ABŞ qarşısında bir sıra tələblər irəli sürür. Onun sözlərinə görə, bu tələblərin qəbul edilməməsi halında Tehran hərbi addımlar ata biləcəyinə dair mesajlar verir.
Politoloq hesab edir ki, bölgədəki proseslər ərəb ölkələrinin də mövqeyinə təsir göstərir. O bildirib ki, regionda ABŞ-nin siyasətinə münasibət birmənalı deyil və bəzi ölkələr Vaşinqtonun təhlükəsizlik siyasətini yenidən qiymətləndirə bilər.
Tofiq Abbasovun sözlərinə görə, hazırkı vəziyyət sabit deyil və eskalasiyanın yeni fazası başlaya bilər. O hesab edir ki, tərəflər arasında hərbi qarşıdurma baş verərsə, ABŞ də öz hərbi imkanlarını səfərbər etməli olacaq.
Politoloq sonda qeyd edib ki, bölgədə vəziyyət kifayət qədər təhlükəlidir. Onun fikrincə, tərəflərin danışıqlar yolu ilə razılığa gəlməsi və konsensusa çatması regiondakı bütün ölkələrin maraqlarına uyğun olar.
Nazlı Ağazadə