00:00:00
Yazar
Zəhra Həsənova
12.06.2026 22:09 22 2 dəq oxuma
Siyasət

İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq

İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq

Bu barədə İranın Hörmüz boğazında gəmiçiliyi tənzimləmək məqsədilə təsis etdiyi Fars Körfəzi Boğazı İdarəsi (Persian Gulf Strait Authority - PGSA) məlumat yayıb.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Əli Mustafa  bildirib ki, Hörmüz boğazının bağlanması İranın hazırda Amerika ilə hər hansı bir anlaşma və ya uzlaşma şəraitində olmadığının göstəricilərindən biri kimi qiymətləndirilə bilər:

 

" Digər tərəfdən, həmin bölgədə amerikalılar tərəfindən İrana, iranlılar tərəfindən isə amerikalılara qarşı müəyyən hücumlar və zərbələr endirilir. Doğrudur, bütün bunlar atəşkəsin qüvvədə olduğu bir dövrdə baş verir. Lakin hər halda görünən odur ki, bölgədə sabitlik tam təmin olunmayıb və atəşkəsin qorunub saxlanacağına dair qəti əminlik yoxdur. Mümkündür ki, İran bu hücumların qarşısını almaq və ya ABŞ-yə müəyyən təzyiq göstərmək məqsədilə Hörmüz boğazını bağlamaq qərarına gəlib. Digər tərəfdən, boğazın bağlanması Amerikanın və bir sıra digər ölkələrin maraqlarına uyğun deyil. Xüsusilə Avropa ölkələri bundan ciddi şəkildə narahatdırlar. Çünki boğaz bağlandıqda neftin qiyməti yüksəlir və Avropa enerji resurslarından, xüsusilə də yanacaqdan asılı olan bölgələrdən biridir. Buna görə də neftin bahalaşması Avropanın maraqlarına uyğun deyil".

 

Politoloqun sözlərinə görə, son dövrlərdə Avropa ölkələrinin təşəbbüsü ilə boğazın açılması istiqamətində müəyyən fəaliyyətlər müşahidə olunur:

 

" Hətta son günlərdə 22 ölkənin belə bir təşəbbüslə çıxış etməsi, Hörmüz boğazında nəzarət mexanizmlərinin gücləndirilməsi və ümumilikdə bölgədə yaranmış gərginliyin aradan qaldırılması yollarının müzakirə olunması ilə bağlı məlumatlar yayılıb. Bu təşəbbüslərdə əsasən Avropa ölkələri iştirak etsə də, digər dövlətlər də prosesə qoşulublar. Bütün hallarda boğazın bağlanması dünya ticarətinə mənfi təsir göstərir. Doğrudur, neft satan şirkətlər bundan müəyyən mənada qazanc əldə edirlər. Çünki boğazın bağlanması nəticəsində neft bahalaşır və onların gəlirləri artır. Eyni zamanda, maliyyə bazarlarında baş verən dalğalanmalardan qazanan investorlar da olur. Lakin ümumi mənada dünya ictimaiyyəti bu münaqişənin həll olunmasını istəyir. Çünki münaqişə həm neftin və digər məhsulların qiymətlərinin artmasına, həm də qlobal qeyri-sabitliyin və narahatlığın güclənməsinə səbəb olur. Odur ki, Hörmüz boğazının İran tərəfindən yenidən bağlanması dünya ticarətinə zərər vurur və bir sıra dövlətlərin, eləcə də beynəlxalq güclərin narazılığına səbəb olur. Bununla belə, ABŞ və İran münasibətlərində irəliləyiş əldə edilərsə və tərəflər arasında danışıqlar müsbət nəticə verərsə, boğazdakı vəziyyətin də dəyişməsi mümkündür. Yəni mövcud vəziyyət əsasən ABŞ-İran münasibətlərinin gələcəyindən və tərəflər arasında aparılan danışıqların nəticəsindən asılıdır".

 

Selcan Xudiyeva

#baki #xəbər #hörmüz #növbəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər