00:00:00
Yazar
Güllər Gülhüseynova
29.06.2026 16:02 78 3 dəq oxuma
Siyasət

İran İsrail Ordusunun tezliklə Livandan çəkilməsini tələb edir

İran İsrail Ordusunun tezliklə Livandan çəkilməsini tələb edir

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf livanlı həmkarı Nəbih Berri ilə telefonla danışıb, tərəflər Livandakı vəziyyəti müzakirə ediblər.

 

Tehran İsrail Ordusunun Livandan geri çəkilmə qrafikinin daha sürətli müəyyənləşdirilməsini tələb edir.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamsında bildirib ki,  İranın İsrail ordusunun Livan ərazisindən tezliklə çıxmasını tələb etməsi ABŞ və İran arasında imzalanmış Anlaşma Memorandumundan qaynaqlanır:

 

“Memorandumun ilk bəndi özündə bütün istiqamətlərdə o cümlədən də Livan istiqamətində hərbi əməliyyatların dayandırılmasını və İsrailin nəzarət altında saxladığı ərazilərdən çıxmasını ehtiva edir. Bu bəyanat təkcə İran-İsrail qarşıdurmasının tərkib hissəsi deyil, həm də Livanın gələcək təhlükəsizlik modeli, regiondakı təsir uğrunda rəqabət və beynəlxalq aktorların maraqları ilə sıx bağlıdır. İran uzun illərdir Livanı öz regional təhlükəsizlik strategiyasının mühüm elementlərindən biri hesab edir. Tehran üçün Livanda təsir imkanlarının qorunması həm geosiyasi, həm də hərbi baxımdan strateji əhəmiyyət daşıyır. Bu baxımdan İsrail hərbi qüvvələrinin Livan ərazisində qalması İran tərəfindən regional güc balansına təhdid kimi qiymətləndirilir. Məhz buna görə Tehran İsrailin mümkün qədər tez geri çəkilməsini tələb edir və bunu bölgədə sabitliyin əsas şərtlərindən biri kimi təqdim edir. ABŞ və əksər Qərb dövlətlərinin bu məsələyə yanaşması isə bir qədər fərqlidir. Vaşinqtonun əsas prioriteti İsrailin təhlükəsizliyinin təmin edilməsidir. İsrail Livan ərazisindəki fəaliyyətini sərhəd təhlükəsizliyi, silahlı qruplaşmaların fəaliyyətinin qarşısının alınması və ya özünümüdafiə məqsədi ilə əsaslandırdığı üçün ABŞ bu mövqeyə müəyyən dəstək vermək məcburiyyətindədir:

 

Politoloq həmçinin bunu da qeyd edib ki, ABŞ imzalanan memoranduma uyğun olaraq İsrailin müvafiq addımlar atmasını tələb edir, amma bu tələb yalnız quru bəyanatlardan ibarətdir:

 

“Buna baxmayaraq İranla imzalanan anlaşmaya uyğun olaraq diplomatik prossesin davam etməsinin Livan istiqamətində İsrailin geri çəkilməsindən asılı olduğunu bilən ABŞ və Avropa ölkələri hərbi əməliyyatların davam etməsinin regionu daha geniş münaqişəyə sürükləyə biləcəyini də nəzərə alırlar. Məhz bu səbəbdəndir ki, İsrail müəyyən güzəştlərə gedərək Livanla çərçivə sazişi imzalamaq məcburiyyətində qalıb. İsrailin bu sazişə nə qədər əməl edəcəyi isə başqa məsələdir. Regional güc balansı baxımından da proses kifayət qədər həssasdır. İsrail, İran və Livan ətrafında baş verən hadisələr təkcə bu üç tərəflə məhdudlaşmır. Burada ABŞ, Körfəz ölkələri və digər regional aktorların maraqları da toqquşur. Əgər gərginlik artarsa, bu, Yaxın Şərqdə yeni qarşıdurma ocaqlarının yaranmasına, enerji marşrutlarının təhlükəsizliyinə və regional sabitliyə mənfi təsir göstərə bilər. Livan hökumətinin imkanlarına gəldikdə isə onların imkanları kifayət qədər məhduddur. Ölkə uzun illərdir dərin iqtisadi böhran, siyasi parçalanma və institusional zəifliklə üzləşir. Bundan əlavə, Livanın təhlükəsizlik mühitində dövlət strukturları ilə yanaşı, qeyri-dövlət silahlı aktorlarının da mühüm təsiri mövcuddur. Bu reallıq hökumətin bütün ölkə ərazisində təhlükəsizlik siyasətini tam şəkildə formalaşdırmasını çətinləşdirir və xarici aktorların təsir imkanlarını artırır. Ümumiləşdirərək deyim ki, İranın İsrailin Livandan çıxması tələbi yalnız siyasi bəyanat deyil, regionda təsir uğrunda davam edən rəqabətin tərkib hissəsidir. ABŞ və Qərb ölkələri bir tərəfdən İsrailin təhlükəsizlik maraqlarını dəstəkləməyə, digər tərəfdən isə münaqişənin genişmiqyaslı regional müharibəyə çevrilməsinin qarşısını almağa çalışırlar. Mövcud şəraitdə hadisələrin inkişafı əsasən diplomatik səylərin effektivliyindən və tərəflərin hərbi eskalasiyadan nə dərəcədə çəkinəcəyindən asılıdır”.

 

Güllər Gülhüseynova

#İran #İsrail #ABŞ #Livan #siyasət #gündəm #Qərb #diplomatiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər