İran münaqişənin 3-cü fazasına daxil olur
İran Xarici İşlər nazirinin müavini Kazım Qəribabadi bəyan edib ki, İran ABŞ və İsraillə münaqişənin üçüncü fazasına daxil olur. Onun fikrincə, ilk iki faza keçən yay İsraillə 12 günlük müharibə və dekabrın sonundan ölkədə davam edən kütləvi etirazlar olub.
"Onlar taktikalarını dəyişiblər, lakin bir şeyi deyə bilərəm: bu fazada da onlar əvvəlki ikisində olduğu kimi məğlubiyyətə uğrayacaqlar",- deyə nazir müavini bildirib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ İrandakı kütləvi etiraz aksiyalarından öz maraqları üçün yararlanmağa çalışır:
“Təbii ki, İranda kütləvi etiraz dalğası birmənalı şəkildə ölkədə mövcud olan böhranla bağlı idi. Sosial-iqtisadi vəziyyət elə səviyyəyə çatmışdı ki, insanlar artıq müqavimət göstərmək, etiraz etmək məcburiyyətində qalmışdılar. Buna paralel olaraq da ABŞ və Qərbin İranla kifayət qədər ciddi problemləri var. Ona görə də ABŞ İrandakı kütləvi etiraz aksiyalarından da öz maraqları çərçivəsində yararlanmağa çalışır və etiraz aksiyaları üzərindən rəsmi Tehrana təzyiq göstərməyə cəhd göstərir. Buna paralel olaraq, ABŞ təzyiqin ən yüksək mərhələsi kimi İran körfəzinə, yəni Fars körfəzinə özünün avanqard donanmalarını göndərir və hərbi müdaxilə ola biləcəyinin mesajını verir. Təbii ki, ABŞ-nin İrana qarşı müəyyən şərtləri var. Əgər həmin şərtlər yerinə yetirilməsə, o zaman ABŞ İrana qarşı hərbi müdaxilə edəcəyini bəyanlayır. Yox, əgər həmin şərtlər qəbul olunarsa, böyük ehtimalla ABŞ və İran arasında anlaşma baş tutacaq və rəsmi Tehran Ağ Evin istədiklərini verəcəyi təqdirdə, Tramp administrasiyasını İrandakı kütləvi etiraz aksiyaları və mülki əhalinin başına gələn qorxunc hadisələr qətiyyən narahat etməyəcək. Ağ Evdə heç kim insanların taleyini düşünmür, yalnız və yalnız ABŞ-nin maraqlarını düşünürlər. Bu baxımdan hesab etmək olar ki, bu gərginlik ABŞ və İran arasında anlaşma əldə olunana qədər, yəni ABŞ-nin İrana qarşı irəli sürdüyü tələblər yerinə yetirilənə qədər davam edəcək. Əgər o tələblər yerinə yetirilməsə, o zaman savaş təhlükəsi artacaq və bu savaş olacağı təqdirdə də İranla sərhədyanı bölgələr real təhlükə və yaxud da risk qarşısında qalmış olacaq.”

Lalə Qurbanlı
