İran qabaqlayıcı zərbə ilə hədələyir
İran Silahlı Qüvvələrinin başçısı bildirib ki, ölkə istənilən hücuma qarşı əvvəlkindən daha hazırlıqlı və güclüdür və suverenliyin pozulması kimi qiymətləndirilən hər hansı addıma qəti cavab veriləcək.
Baş Qərargah rəisi general-mayor Əmir Hatəmi çərşənbə günü İranı hədəf alan açıqlamalarla bağlı qabaqlayıcı hərbi tədbirlərin mümkünlüyünü istisna etməyib. Bu bəyanatın ötən həftə ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi hədələrlə əlaqəli olduğu bildirilir. Tramp demişdi ki, Tehran dinc etirazçılara qarşı zorakılıq tətbiq edərsə, Vaşinqton onların müdafiəsinə qalxacaq.
Əmir Hatəminin açıqlamaları İran hakimiyyətinin İsrail və ABŞ-dən qaynaqlandığını düşündüyü təhlükələr, eləcə də ağırlaşan iqtisadi vəziyyətin yaratdığı və mövcud teokratik idarəetməyə birbaşa təhdid sayılan etirazlar fonunda verilib.
Gərginliyi azaltmaq məqsədilə İran hökuməti düyü, ət və makaron kimi əsas ərzaq məhsullarının bahalaşmasının qarşısını almaq üçün əhaliyə aylıq təxminən 6 avro məbləğində subsidiya ödəməyə başlayıb.
Bununla belə, sahibkarlar xəbərdarlıq edirlər ki, İran rialının kəskin ucuzlaşması və idxalçılarla istehsalçılar üçün tətbiq edilən güzəştli valyuta məzənnəsinin ləğvindən sonra bitki yağı kimi əsas məhsulların qiyməti bir neçə dəfə arta bilər.
Euronews
Zəri Bayramlı
