İran raket atıb, Ərdoğan kabineti toplayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclası keçirilir.
İclasın əsas mövzusu İrandan Türkiyəyə atılan ballistik raketdir.
Bundan əlavə, Əfqanıstan və Pakistan arasındakı münaqişə, Qəzzadakı humanitar böhran və Suriya ilə bağlı məsələlələr müzakirə mövzusu olacaq.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyənin hələlik hərbi reaksiya vermə ehtimalı yüksək deyil:
“Təbii ki, hər hansı bir ölkəyə raket hücumunun edilməsi hərbi xarakterli mesajdır. O cümlədən də Türkiyə istiqamətində raketlərin buraxılması Türkiyə və İran münasibətlərinə neqativ təsir göstərən faktordur. Ancaq İranın raket hücumları Türkiyə üçün hələlik ciddi hərbi təhlükə törətmir. Çünki birincisi, Türkiyənin özünün hava hücumundan müdafiə sistemləri mövcuddur. Bu sistem kifayət qədər güclüdür, ölkəni müdafiə etmək qabiliyyətinə malikdir. Digər tərəfdən, Türkiyə NATO ölkəsidir və onun hava məkanı da NATO-nun hava məkanı hesab olunur. Bu baxımdan da NATO Türkiyə istiqamətində raket hücumlarına dərhal reaksiya verir. Buna qədər Türkiyə istiqamətində edilmiş raket hücumlarının qarşısı NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Son məlumatlara görə, Türkiyə ərazisində NATO-ya aid əlavə hava hücumundan müdafiə sistemləri və patriot qurğuları yerləşdirilib. Hazırda Türkiyə kifayət qədər etibarlı şəkildə müdafiə olunur. Ancaq belə hadisələr istənilən halda iki ölkə arasında münasibətlərin gərginləşməsinə yol aça biləcək hadisələrdir. Türkiyə hələlik maksimum səviyyədə təmkinli davranmağa çalışır. İranın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Türkiyənin etirazları İran səfirinin diqqətinə çatdırılıb. Yəni bu, siyasi diplomatik reaksiya verilməsi deməkdir. Amma Türkiyənin hələlik baş verənlərə hərbi reaksiya vermək ehtimalı o qədər də yüksək deyil. Çünki Türkiyə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının əleyhinə çıxan əsas dövlətlərin sırasında yer alır. Belə bir situasiyada rəsmi Ankara İranla hərbi toqquşmalara qətiyyən maraqlı deyil. Ancaq bununla belə İrana müəyyən xəbərdarlıq mesajları da göndərilib. Böyük ehtimalla bundan sonrakı mərhələdə iki dövlət arasında hərbi qarşıdurma yarada biləcək addımlardan yayınılmasına daha çox üstünlük veriləcəyini düşünmək olar”.
Lalə Qurbanlı