00:00:00
Yazar
Səmayə Səftərova
22.05.2026 21:03 27 2 dəq oxuma
Dünya

İran sazişi imzalamayana qədər sanksiyalar yumşaldılmayacaq - AÇIQLAMA

İran sazişi imzalamayana qədər sanksiyalar yumşaldılmayacaq - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla razılaşma əldə olunana qədər İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində olmadığını bildirib.

 

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, əgər Tehran bu şərti qəbul etsə, hətta nüvə proqramı tam ləğv edilməsə belə, uranın yenidən zənginləşdirilməsi üçün uzun illər tələb oluna bilər:

 

"Donald Tramp anlayır ki, Yaxın Şərqdə davam edən qarşıdurmada ABŞ hələ əsas hədəflərinə tam nail olmayıb. Bu səbəbdən Vaşinqton İranla bağlı sərt mövqeyini və təzyiqləri davam etdirmək niyyətini açıq şəkildə nümayiş etdirir. Hazırda Ağ Evin əsas prioritetlərindən biri İranın nüvə proqramının tam məhdudlaşdırılması məsələsidir. Donald Tramp əvvəl bəyan edib ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməlidir. Vaşinqton isə həmin ehtiyatların məhv ediləcəyini bildirir. Bu məsələ danışıqlar prosesinin əsas mübahisə mövzularından biri hesab olunur. Əgər Tehran bu şərti qəbul etsə, hətta nüvə proqramı tam ləğv edilməsə belə, uranın yenidən zənginləşdirilməsi üçün uzun illər tələb oluna bilər. Bu isə İranın nüvə silahı əldə etməsi ehtimalını gecikdirən amil kimi qiymətləndirilir. Lakin İran tərəfi həm nüvə proqramının dayandırılmasına, həm də zənginləşdirilmiş uranın ABŞ-yə təhvil verilməsinə qarşı çıxır. Buna görə də tərəflər arasında aparılan danışıqlarda ciddi irəliləyiş müşahidə olunmur".

 

Politoloq vurğulayıb ki, Ağ Ev paralel olaraq İrana qarşı iqtisadi təzyiqləri də artırmağa çalışır:

 

"Mövcud mərhələdə sanksiyaların yumşaldılması ehtimalı o qədər də real görünmür. ABŞ-nin İranı iqtisadi vasitələrlə daha ciddi təzyiq altında saxlamaq niyyətində olduğu hiss edilir. Bu isə İran iqtisadiyyatı üçün ciddi risklər yaradır. Bununla yanaşı, İran uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərən ölkədir. Sanksiyalar qüvvədə qalsa belə, neft ixracının müəyyən səviyyədə davam etməsi İran iqtisadiyyatının tam çöküşünün qarşısını ala bilər. Ancaq Vaşinqtonun İranın neft ixracını da məhdudlaşdırmaq niyyətində olduğu görünür. Bu isə Tehranın uzun müddət iqtisadi blokada şəraitində saxlanılması planlarının gündəmdə qaldığını göstərir. Eyni zamanda, tərəflər arasında mümkün razılaşma əldə olunarsa, iqtisadi sanksiyaların yumşaldılması İran iqtisadiyyatına qısa müddətdə müsbət təsir göstərə və ölkənin maliyyə imkanlarını genişləndirə bilər. Lakin hazırkı mərhələdə belə bir anlaşma ehtimalı zəif görünür. Bu səbəbdən Yaxın Şərqdə qarşıdurmanın və hərbi-siyasi gərginliyin davam etməsi daha inandırıcı görünür. Regionda təhlükəsizlik böhranının dərinləşməsi və hərbi əməliyyatların yenidən aktiv fazaya keçməsi ehtimalı hələ də aktual olaraq qalır".

 

 

Səmayə Səftərova

#İran #ABŞ #sanksiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər