00:00:00
Yazar
Admin User
23.01.2026 15:48 37 2 dəq oxuma
Dünya

İran Trampın edam iddialarını təkzib edib

İran Trampın edam iddialarını təkzib edib

İranın baş prokuroru Məhəmməd Mövahhedi ABŞ Prezidenti Donald Trampın müdaxiləsi nəticəsində 800-dən çox məhbusun edamının dayandırılması ilə bağlı səsləndirdiyi iddiaları “tamamilə yalan” adlandırıb. O, cümə günü verdiyi açıqlamada bildirib ki, Trampın səsləndirdiyi rəqəmlər mövcud deyil və məhkəmə orqanları tərəfindən bu istiqamətdə heç bir qərar qəbul olunmayıb.

 

İran məhkəmə sisteminə bağlı “Mizan” xəbər agentliyinin yaydığı məlumata görə, bu açıqlama Trampın yanvarın 20-də mətbuata verdiyi bəyanatdan sonra səsləndirilib. Tramp iddia etmişdi ki, Vaşinqtonun sərt xəbərdarlıqlarından sonra İran 837 saxlanılan etirazçının edamından imtina edib.

 

ABŞ Prezidenti bildirib ki, İran hakimiyyəti “insanları asmayıb”, lakin vəziyyətin dəyişə biləcəyini də istisna etməyib. O, bu iddianı yanvarın 22-də yenidən təkrarlayaraq, təxminən 840 edamın onun təhdidlərindən sonra ləğv edildiyini deyib.

 

Tramp əlavə edib ki, İran rəhbərliyinə edamların davam edəcəyi təqdirdə çox ağır nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıq edib. O, bu təhdidləri ötən ilin iyununda ABŞ və İsrailin İranın hərbi və nüvə obyektlərinə zərbələr endirdiyi 12 günlük müharibə ilə müqayisə edib.

 

Son etirazlar fonunda Donald Tramp dəfələrlə İran etirazçılarına dəstək ifadə edib və Tehran hakimiyyətini sərt tənqid edərək, ölümcül gücdən istifadənin “qırmızı xətt” olacağını bəyan edib.

 

Bu arada Tehranla Vaşinqton arasında gərginlik yüksək olaraq qalır. ABŞ-nin aviadaşıyıcı zərbə qrupu Yaxın Şərqdə yerləşdirilib. Tramp bunu “armada” adlandırsa da, analitiklər təkcə hava zərbələrinin İran rejimini zəiflətmək üçün kifayət etməyəcəyini bildirirlər.

 

Nyu-Yorkda yerləşən “Soufan Center” analitik mərkəzinin açıqlamasında qeyd olunur ki, ABŞ-nin bölgədə hərbi mövcudluğunu artırması, Trampın ritorikasını yumşaltmasına baxmayaraq, hərbi variantların hələ də gündəmdə qaldığını göstərir.

 

ANEWZ

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər