İran və Qırğızıstanın yeni logistik xəritəsi: Pezeşkian Qırğızıstana səfər edir
İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək məqsədilə Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb.
Mövzu ilə bağlı”İnformator.az”a politoloq Tural İrfan bildirib ki, ABŞ - İsrail - İran gərginliyi fonunda Məsud Pezeşkianın Qırğızıstana səfəri iki ölkə arasındakı ikitərəfli və çoxtərəfli regional əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər:
“Pezeşkianın Bişkekə səfərinin əsas məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək olsa da, Qırğızıstan Prezidenti Sadır Japarov ilə keçirəcəyi ikitərəfli görüşlər münasibətlərin gələcək dinamikasını müəyyən edəcək. Hazırki gərginliklə əlaqəli müzakirələr konkret olaraq nəzərdə tutulmuş olmasa belə iqtisadi, ticari əlaqələrin müharibə vəziyyətində hansı formada davam edəcəyi, təhlükəsizlik məsələsi mövzu ola bilər. Bu səfər çərçivəsində əsasən ticarət dövriyyəsinin artırılması məsələsi qoyula bilər”.
Politoloq qeyd edib ki, İran və Qırğızıstan rəsmiləri son dövrlərdə ticarət, dağ-mədən sənayesi və iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Bu səfər çərçivəsində mövcud razılaşmaların icra mexanizmləri konkretləşdirilə bilər. Eyni zamanda Qırğızıstan dənizə çıxışı olmayan ölkə olduğu üçün İranın Bəndər-Abbas və Çabahardan keçən tranzit dəhlizlərinə böyük maraq göstərir. Bu səfər Mərkəzi Asiyanı Fars körfəzinə bağlayan logistik marşrutların inkişafını sürətləndirə bilər. İran Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvüdür. Pezeşkianın Qırğızıstanın ev sahibliyi etdiyi sammitə qatılması, Tehranın Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə regional təhlükəsizlik və iqtisadi inteqrasiya məsələlərində eyni cəbhədə yer aldığını göstərir”.
Tural İrfanın sözlərinə görə, Qərb sanksiyaları altında olan İran üçün Qırğızıstan kimi regional tərəfdaşlarla əlaqələri qorumaq xarici siyasətdəki təcrid cəhdlərini neytrallaşdırmaq baxımından mühümdür.
Pezeşkianın Bişkekdə Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş Naziri Narendra Modi ilə keçirəcəyi kənar görüşlər, Qırğızıstanın da daxil olduğu regionda təhlükəsizlik arxitekturasına birbaşa təsir edir. Güclü regional ittifaqlar fonunda rəsmi Bişkek İranla münasibətləri dərinləşdirməkdə daha qətiyyətli addımlar ata bilər. Nəticə olaraq, Məsud Pezeşkianın bu səfəri İran-Qırğızıstan əlaqələrini sadəcə bəyanat müstəvisindən çıxarıb nəqliyyat, tranzit və ticarət sahələrində real, praktik müqavilələrə çevirmək üçün mühüm bir fürsətdir. Xüsusilə ABŞ və İsrailin təcrid siyasəti, sanksiyalar ərəfəsində İran bu fürsətdən yararlanmağı vacib sayır.
Nurgün Qənizadə