“İrana xarici müdaxilələr bütün bölgə üçün əhəmiyyətli risklər təşkil edəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birgə mətbuat konfransında bildirib ki, qonşu İranla bağlı, xüsusən xarici müdaxilələr, bütün bölgə üçün ciddi risklər yarada bilər. Ərdoğan İranla nüvə məsələlərinin diplomatik yollarla həllinin ən düzgün yol olduğunu vurğulayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi İsmail Cingöz bildirib ki, ABŞ ilə İran arasında yaşanan gərginliyin isti toqquşmaya, açıq müharibəyə çevrilmədən diplomatik yollarla həll edilə bilməsi, məsələnin yoluna qoyulması üçün Türkiyənin intensiv diplomatik təşəbbüsləri diqqətdən kənarda qalmır:
“Bu prosesi həm İran, həm Amerika, həm də region ölkələri yaxından izləyir. Türkiyə bu coğrafiyanın təsirli, siyasi çəkisi olan ölkələrindən biridir. Türkiyə xüsusilə son dövrlərdə təkcə region ölkələri ilə deyil, qlobal mübarizələrdə də söz sahibi olan bir ölkə kimi ön plana çıxır. Türkiyənin son dövrlərdə həyata keçirdiyi xarici siyasət dünyanın gözü önündə baş verən və bütün qlobal güclərin diqqətini çəkən ən təsirli siyasətlərdən biri hesab olunur. Məhz bu səbəbdən Türkiyə İran, Amerika Birləşmiş Ştatları və region ölkələri ilə mümkün ABŞ-İran müharibəsinin qarşısının alınması üçün intensiv diplomatik görüşmələrini davam etdirir. Cənab Ərdoğan və cənab Hakan Fidan da bu məsələ ilə bağlı həm qonşu ölkələrə etdikləri səfərlər, həm də İran başda olmaqla digər ölkələrin nümayəndələrini Türkiyədə qəbul etməklə problemin diplomatik yolla həll olunması üçün ciddi səylər göstərirlər “.
Reyhan Quliyeva
