İranda etirazlar
İranda baş verən etiraz aksiyaları fonunda Təbrizdə gərginlik pik həddə çatıb və şəhərdə faktiki olaraq hərbi vəziyyət elan edilib. Mövcud vəziyyət İran hakimiyyətini həm daxili, həm də beynəlxalq təzyiqlər fonunda həlledici seçim qarşısında qoyub.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, İranda baş verən etirazlar iqtisadi böhranın nəticəsidir:
“İranın nüvə proqramı ilə əlaqədar 2016-cı ildən etibarən ona qarşı sanksiyalar tətbiq olunmağa başlanılıb və bu, İranın iqtisadi vəziyyətinin kəskin şəkildə pisləşməsinə səbəb olub. Ötən il həm ABŞ, həm də Avropanın aparıcı üç ölkəsi ilə İran arasında nüvə proqramı üzrə danışıqlar aparılıb. Lakin bu danışıqlar nəticəsiz başa çatdıqdan sonra İrana qarşı əlavə sanksiyalar tətbiq olunub. Ötən ilin sonunda İranda böyük etiraz hərəkatı başlanıb. Səbəb isə İranın milli valyutasının sürətlə dəyərdən düşməsi, qiymətlərin qalxması və ümumilikdə iqtisadi vəziyyətin ağırlaşmasıdır. Bugünkü etirazlar da məhz bu iqtisadi böhranın nəticəsidir.
İran hakimiyyəti çıxılmaz vəziyyətdədir. Əgər bu etirazların qarşısını zorakılıqla alınmasa, rejimin ayaqda qalması qeyri-mümkün olacaq. İndiyə qədər bütün etirazlar güc tətbiqi ilə yatırılıb. Lakin bu dəfə vəziyyət bir qədər fərqlidir”.
Siyasi şərhçinin sözlərinə görə, etirazların qarşısını alınmasa, hakimiyyət devrilə və molla rejiminə son qoyula bilər:
“ABŞ açıq və kəskin mövqe tutur və bildirir ki, əgər etirazçılara qarşı zorakılıq tətbiq olunarsa, ABŞ İrana zərbələr endirəcək. Avropa İttifaqı da Estoniyanın baş naziri Kaya Kallasın dili ilə İranı yeni sanksiyalarla hədələyir. Bu isə vəziyyəti daha da gərginləşdirəcək.
İran hakimiyyəti ciddi tərəddüd içindədir. Artıq 600-ə yaxın insan öldürülüb və bu sayın daha da artacağı ehtimal olunur. Əgər zorakılığı artırıb etirazların qarşısını ala bilməsə, İran hakimiyyəti devriləcək və molla rejiminə son qoyulacaq. Əgər zorakılığa əl atarsa, o zaman daha ağır şərtlərlə devrilə bilər və rəhbərlikdə olanların vəziyyəti daha da ağırlaşacaq.
İran hakimiyyəti hansı yolu seçəcək? Danışıqlara gedib könüllü şəkildə hakimiyyətdən getmək, yoxsa etirazçılara qarşı zorakılıq tətbiq etmək? Əsas məsələ budur.
Bundan sonra Avropa ilə İran arasında münasibətlərin daha da pisləşəcəyi qaçılmazdır. Onsuz da münasibətlər olduqca pisdir və atılan addımlar bu münasibətləri daha da pisləşdirə bilər".
Zəri Bayramlı
