İranda Əli Xameneinin oğlu Müctəba dini lider ola bilərmi?
İranın ali dini lideri Əli Xameneinin ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülməsindən sonra böyük təsir gücünə malik oğlu Müctəbanın da ölüb-ölmədiyi maraq mövzusuna çevrilib.
Bir neçə gün ərzində bununla bağlı heç bir məlumat verilməyib. Lakin İranın rəsmi mediası Müctəbanın sağ olduğunu və “ölkənin mühüm məsələləri ilə bağlı məsləhətləşmələr və araşdırmalar apardığını” bildirib. Buna baxmayaraq, o hələ də ictimaiyyət qarşısına çıxmayıb. “Reuters” agentliyinin iki iranlı mənbəyə istinadən yaydığı məlumata görə, Müctəba hazırda ali dini lider postuna əsas namizədlərdən biri hesab olunur. Lakin bu iddiaları təsdiqləmək çətindir. Dini lideri seçmək səlahiyyətinə malik olan 88 din xadimindən ibarət Ekspertlər Şurasının qərara yaxın olduğu bildirilir. Ancaq İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli yarı rəsmi “Fars” xəbər agentliyinin məlumatına görə, rəsmi açıqlamanın Əli Xameneinin dəfn mərasimindən əvvəl verilməsi gözlənilmir. Atasından fərqli olaraq, Müctəba indiyədək çox ön planda olan fiqur sayılmayıb. O heç bir rəsmi vəzifə tutmayıb, ictimai çıxışlar etməyib və müsahibələr verməyib. Onun yalnız məhdud sayda foto və videoları yayımlanıb.
BBC NEWS
Səmayə Səftərova
