“İranda mövcud vəziyyət təkcə bir səbəblə izah oluna bilməz”-ŞƏRH
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran ölkədaxili idarəetmə və liderlik məsələlərini nizamlamağa çalışır və eyni zamanda Hörmüz boğazı ilə bağlı vəziyyətin stabilləşdirilməsi istiqamətində addımlar atır.
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, İranda mövcud vəziyyət təkcə bir səbəblə izah oluna bilməz, burada daxili siyasi balans, güc mərkəzləri arasında rəqabət və regional proseslər bir-biri ilə sıx şəkildə əlaqəlidir və bu da ümumi idarəetməyə ciddi təsir göstərir:
“İranda son dövrlərdə baş verən proseslərdən sonra dövlət idarəetmə sistemində müəyyən boşluqlar və gərginliklər yaranıb. Güc strukturları arasında balansın dəyişməsi, ayrı-ayrı siyasi və hərbi mərkəzlərin təsir uğrunda mübarizəsi qərarvermə prosesini daha da çətinləşdirir. Bu isə həm daxili sabitliyə, həm də xarici siyasətə təsir göstərən qeyri-müəyyənliklər yaradır. Belə vəziyyətlər isə xarici müşahidəçilərin “çöküş” kimi qiymətləndirilə bildiyi bir siyasi mənzərə formalaşdıra bilir”.
Politoloq qeyd edib ki, Hörmüz boğazı məsələsi təkcə İran üçün deyil, bütövlükdə dünya iqtisadiyyatının ən strateji nöqtələrindən biridir və burada baş verən hər bir dəyişiklik qlobal enerji bazarına dərhal təsir edir:
“Hörmüz boğazı dünya enerji daşımalarının əsas arteriyasıdır. Bu marşrutdan gündəlik böyük həcmdə neft və qaz daşınır və bu da həm Avropa, həm Asiya, həm də digər regionlar üçün enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Burada yaranan hər hansı gərginlik birbaşa olaraq neft qiymətlərinin artmasına, sığorta və daşınma xərclərinin yüksəlməsinə və qlobal bazarlarda qeyri-sabitliyin yaranmasına səbəb olur. İran isə bu strateji mövqedən danışıqlar zamanı siyasi və iqtisadi təzyiq aləti kimi istifadə etməyə çalışır və bu da prosesi daha mürəkkəb hala gətirir. ABŞ Prezidenti Donald Trampın açıqlamaları beynəlxalq münasibətlərdə çox vaxt qeyri-sabit və sərt mesajlar kimi qəbul olunur. Trampın bəyanatları bir çox hallarda diplomatik dil çərçivəsindən kənara çıxaraq siyasi təzyiq xarakteri daşıyır. Bu isə tərəflər arasında etimadın formalaşmasına mane ola bilər və beynəlxalq münasibətlərdə gərginliyi daha da artıra bilər. Belə yanaşmalar nəticəsində qlobal proseslərin proqnozlaşdırılması da çətinləşir və qeyri-müəyyənlik daha da dərinləşir”.
Ayşə Müzəfərli