ABŞ və İsrailin İrana quru əməliyyatından çəkinməsinin səbəbi nədir?
“ABŞ və İsrail İrana qarşı quru əməliyyatına cürət etməyiblər”-Bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya yerli telekanala müsahibəsində açıqlayıb.
Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, İran ordusunun sözçüsünün bu fikirlərində həqiqət payı yüksək görünür:

“Müharibənin ilk günlərdən bu əməliyyatın başlama ehtimalı müzakirə olunanda əminliklə deyirdik ki, ABŞ və müttəfiqləri İranda quru əməliyyatlarına start versələr, bu onların ciddi itkilərlə üzləşməsi ilə nəticələnə bilər. Təbii ki, ABŞ də bunun fərqindədir. Təsəvvür edin ki, quru əməliyyatları başlayarsa, təxminən bir milyonluq İran ordusu bu prosesdə iştirak edə bilər. ABŞ belə bir əməliyyat aparmaq üçün ən azı eyni sayda qoşun yeritməlidir. İndiki vəziyyətdə bu çox çətindir.Çünki ABŞ cəmiyyəti ardıcıl itkiləri qəbul etməz.
Tarixə baxdıqda görürük ki, ABŞ bir çox müharibələrdə sona qədər iştirak etməyib. Məsələn, İkinci Dünya müharibəsi zamanı son mərhələdə prosesə qoşularaq qələbədə pay sahibi olub. Eləcə də İraq müharibəsi və Əfqanıstan müharibəsi zamanı hədəflərinə tam nail ola bilməyərək qoşunlarını geri çıxarıb. Vyetnam müharibəsi isə ABŞ üçün ciddi sosial-siyasi nəticələr doğurmuşdu. Belə bir ssenarini indiki mərhələdə Donald Trump administrasiyasının yaşamaq istəməsi inandırıcı görünmür. Bu baxımdan İran ordusunun sözçüsünün fikirlərini tamamilə yanlış saymaq olmaz”.
Cavanşir Abbaslı əlavə edib ki, bu cür bəyanatlar informasiya müharibəsinin tərkib hissəsidir:
“İstənilən münaqişə təkcə döyüş meydanında deyil, həm də diplomatik müstəvidə və informasiya məkanında aparılır. Müasir dövrdə müharibələrin əsas elementlərindən biri məhz informasiya savaşıdır. Hava zərbələri və raket hücumları artarsa, vəziyyət daha da gərginləşə bilər. Əgər yenidən genişmiqyaslı qarşıdurma başlasa, bu, əvvəlkindən daha geniş regional müharibəyə çevrilə bilər. Hazırda belə bir ssenari real görünməsə də, risk gündən-günə artır.”
Nuray Əliyeva