00:00:00
Yazar
Admin User
20.01.2026 16:54 72 2 dəq oxuma
Siyasət

“İranda olan soydaşlarımızın təhlükəsizliyi daim qorunur”

“İranda olan soydaşlarımızın təhlükəsizliyi daim qorunur”

Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında qeyd edib ki, İrandakı Azərbaycan vətəndaşları ilə bağlı fəaliyyət bir saat belə dayanmayıb:

 

"Azərbaycan vətəndaşları orada hər hansı çətinliklə üzləşdikdə əlaqə nömrələri təqdim olunub. Biz orada ciddi problem görmürük. Buna görə də məsələ ilə bağlı Səfirlik və Baş Konsulluğumuz tam fəaliyyət göstərir”.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Azərbaycanın İrandakı vətəndaşlarımızın taleyi ilə bağlı göstərdiyi mövqe, ilk növbədə, bu bölgədə ən güclü və qətiyyətli siyasət aparan ölkə olduğunu nümayiş etdirməsi baxımından əhəmiyyətlidir:

 

“Çünki Azərbaycan təkcə İranda yaşayan öz vətəndaşları ilə deyil, həm də soy və etnik mənsubiyyət baxımından azərbaycanlı olan Cənubi azərbaycanlıların milli və mədəni hüquqları ilə bağlı hər zaman aktiv mövqe tutub. Azərbaycan Prezidenti dəfələrlə özünü təkcə 10 milyonluq Azərbaycanın deyil, eyni zamanda 50 milyonluq dünya azərbaycanlılarının Prezidenti adlandırıb və bu yanaşma haqlı olaraq İran azərbaycanlılarına da şamil edilməlidir. Bu baxımdan, Azərbaycan Xarici İşlər Nazirliyinin həmin bəyanatı ölkəmizin İrandakı soydaşlarımızın dil, din, mədəniyyət və tarix baxımından bağlı olduğumuz böyük bir toplumun hüquq və təhlükəsizliyinə laqeyd qalmadığının ifadəsidir. Eyni zamanda, Azərbaycan bütün dünya azərbaycanlılarına nümayiş etdirir ki, Konstitusiyaya uyğun olaraq dünyanın bütün nöqtələrində yaşayan Azərbaycan vətəndaşlarının hüquq və təhlükəsizliyi üçün birbaşa məsuliyyət daşıyır və bu konstitusion borcunu yüksək səviyyədə həyata keçirir. Bu açıqlama İran-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsi barədə də müəyyən təsəvvür yaradır. O mənada ki, Azərbaycanla İran arasında münasibətlər son bir ildə xeyli istiləşməyə başlasa da, Azərbaycan tərəfi yaxşı anlayır ki, bu gün İranda gedən proseslər təkcə İran hakimiyyətinin və dövlətinin iradəsindən asılı olmaya bilər. Çünki ölkə daxilində dövlətə və hakimiyyətə tabe olmayan geniş etirazçı kütlələri mövcuddur. Bu etirazçıları müxtəlif dünya güclərinin yönləndirdiyinə dair şübhələr də var. Belə bir şəraitdə Azərbaycan anlayır ki, İran ərazisində yaşayan azərbaycanlılar üçün yarana biləcək hər hansı təhlükə yalnız İran hakimiyyətinin iradəsi ilə məhdudlaşmaya bilər. Yəni İran hakimiyyətinin iradəsindən kənarda da soydaşlarımızla bağlı müəyyən xoşagəlməz hadisələr baş verə bilər. Bu mənada, Azərbaycan Xarici İşlər Nazirliyi həmin bəyanatla Azərbaycan-İran münasibətlərinin indiki şəraitdə müəyyən qədər kövrək olduğuna da işarə etmiş olur”.

 

Reyhan Quliyeva

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər