İrandan FİFA-ya tələb
İranın idman naziri Əhməd Dünyamali FIFA-nı 2026-cı il dünya çempionatına ev sahibliyi hüququnu ABŞ-dən almağa çağırıb.
"İnformator.az" SNN-ə istinadən xəbər verir ki, nazir ölkəsinin milli komandasının ABŞ-dəki təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlarını ifadə edib.
Dünyamali qeyd edib ki, iki ölkə arasındakı hərbi münaqişə və nəqliyyat blokadası fonunda oyunların ABŞ-də keçirilməsi qeyri-mümkündür: “FIFA dünya çempionatını keçirmək hüququnu ABŞ-dən almalıdır. Mundiala cəmi 2-3 ay qalıb, lakin biz hələ də münaqişə vəziyyətindəyik, hava uçuşları xüsusi şərtlərlə həyata keçirilir. ABŞ prezidentinin ziddiyyətli bəyanatlarını və hazırkı psixoloji durumu nəzərə alaraq, komandamızın təhlükəsizliyindən ciddi narahatıq”.
Nazir əlavə edib ki, əgər FIFA oyunların Meksikada keçirilməsi üçün şərait yaratsa, İran tərəfi müvafiq addımlar ata bilər: “Ümid edirəm ki, şərait elə olar ki, millimiz turnirdə iştirak edə bilsin. Lakin indiki qarşıdurma şəraitində bu imkanlar görünmür”.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar bölgədə vəziyyəti gərginləşdirib, İranın hava məkanının bağlanmasına səbəb olub.
Qeyd edək ki, DÇ-2026-nın 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılır.